DİQQƏT! Körpənin bu cür ağlamağı ciddi problemdən xəbər verir
DİQQƏT! Körpənin bu cür ağlamağı ciddi problemdən xəbər verir

“Biz bəzən uşaqlarımızda olan qüsurların fərqinə varmırıq. Müəyyən nitq qüsurları, artikulyar aparatda olan deformasiyaların olub-olmaması ilə bağlı məlumatsız oluruq”.

E-saglam.az xəbər verir ki, bu sözləri “Yeni Sabah”a açıqlamasında loqoped, defektoloq Günel Fərzəliyeva deyib. O, azyaşlılarda müşahidə olunan nitq qüsurları barədə məlumat verib: 

“Ən çox ünvanlanan suallardan biri də budur ki, valideynlər övladlarının loqopedik seanslara və dil terapiyalarına ehtiyac olduğunu necə bilməlidirlər? Bunun cavabı çox sadədir. Əgər övladınızda gec ünsiyyətlilik varsa, gec danışmağa başlayıbsa, yaşlarına uyğun nitqə sahib deyillərsə, fikirlərini ifadə etməyi bacarmırlarsa, artikulyar aparatda müəyyən deformasiyalar varsa, bu da çənədə, dişlərində düzülüşündə və s. özünü büruzə verə bilər ki, bu kimi problemlər üzə çıxan zaman dil terapiyaları və seanslar üçün loqopedlərə müraciət etmək mütləqdir. 

Əgər övladımızda səslərin doğru tələffüzü yoxdursa, bir səsi digər səslə əvəz edirsə, yaxud sözün deyilişində həmin səslər itirsə, artıq bu kimi hallar da bir müddət sonra nitqdə ecazkar olmayan bir görüntü yaranacaq. Bu problemi vaxtında aşkar edib, korreksion prosesə başlamaq lazımdır ki, uşağın nitqində qalıcı problemlər yaranmasının qarşısı alınsın. Körpəlik dönəmindən uşağın nitqində problem olub-olmadığını anlamağın ən asan yolu onun ağlamaq formasına diqqət yetirməkdir. Əgər uşaqlar daimi olaraq monoton şəkildə, eyni səviyyədə ağlamağa başlayırlarsa, ağlamaq səsində müəyyən dəyişikliklər, çalarlılıq özünü göstərmisə, terapistə, pediatrlara müraciət etmək lazımdır”. 

Loqoped qeyd edib ki, ən əsas 3-cü yaş dönəminə diqqət yetirməkdir:

“2-6 aylıq körpələr gülüş, qığıldamaq kimi müxtəlif səslər çıxarırlar. 1 yaşını keçən uşaqlar isə ətrafında eşitdiyi sözləri təqlid etməyə başlayırlar. Artıq 2 yaşda öz fikirlərini ifadə etməyi öyrənirlər. Ən əsas isə 3-cü yaş dönəmidir. Bu müddətdən başlayaraq övladımızın nitqində 1200-dən çox söz formalaşmalıdır. Bu nüansları qeyd etməyimdə məqsəd valideynlərin hər yaş dönəminə uyğun nitqin nə tərzdə olduğunu öyrənməsidir. Burada pozulmaların olub-olmadığını da məhz belə aydınlaşdırmaq olar. 

Valideynlərə tövsiyyəm odur ki, övladları ilə bağlı araşdırmalar aparsınlar və hansı yaş dönəmində necə dəyişikliklər, inkişaf mərhələləri və sindromlar yaşadıqlarını anlaya bilsinlər. Bütün bunlar haqda məlumatlı olmaq bir valideyn üçün ən əsas məqamdır. Artıq məlumatı olan, maariflənmiş bir valideyn övladında nə kimi inkişaf və problemlər olduğunun daha tez fərqinə varacaq. Beləliklə, zamanında profilaktik tədbirlərə başlamaq mümkün olur”.

E-saglam.az