Koronavirusun delta-plus variantı Hindistan ştammının mutasiyaya uğraması ilə əmələ gəldi. Digər mutasiyaya uğramış viruslardan fərqli olaraq, bu variant iki dəfə mutasiyaya uğradığı üçün yoluxuculuq xüsusiyyəti digər virus variantlarından iki dəfə yüksəkdir.
E-saglam.az xəbər verir ki, bu sözləri axar.az-a infeksionist Vüqar Cavadzadə deyib.
Həkim bildirib ki, mutasiyasının ilkin simptomları burunun axması, boğaz ağrısı, baş ağrısıdır:
“Koronavirusun delta-plus variantının müayinə üsulu da COVİD-19 infeksiyasının diaqnostikası ilə eynilik təşkil edir. Virusun delta-plus variantı üzərində aparılan təhlillər göstərir ki, onun ilkin simptomları COVİD-19-la müqayisədə bir qədər fərqlidir. COVİD-19-da hərarət, baş ağrısı, halsızlıq olurdu, delta ştammında burun axması, boğaz ağrısı, baş ağrısı daha çox müşahidə edilir. COVİD-19 virusuna yoluxub sağalan insanlarda yaranan anticisimlər delta-plusa qarşı da immunitetin olması deməkdir. Lakin bu immunitetin nə qədər güclü və davamlı olduğu hər bir orqanizmin fərdi xüsusiyyətindən asılıdır”.
İnfeksionist qeyd edib ki, virusun Azərbaycana gəlməsi də mümkündür:
“Çünki ölkəmizin ətrafında bu virus artıq yayılmağa başlayıb. Gec-tez bu virus bizdə də aşkar ediləcək. Yay fəslidir, hər kəs istirahət məqsədilə səyahət edir. Ölkəmizə turistlər, qonaqlar gəlir. Bir sözlə, yerüstü hava nəqliyyatı işlədiyi üçün virusun ölkəmizdə aşkarlanması mümkündür”.