Davamlı öskürəyin ev şəraitində müalicəsi xəstəliyin
Davamlı öskürəyin ev şəraitində müalicəsi xəstəliyin

“Qış aylarında sıx öskürən uşaqların sayı artır. Belə hallarda daha çox bronxit diaqnozu səsləndirilir”.

E-saglam.az Bakı Baş Səhiyyə Mərkəzinin mətbuat xidmətinə istinadən bildirir ki, bunu mərkəzin strukturuna daxil olan 5 nömrəli Uşaq Poliklinikasının həkim-pediatrı Məhsəti Nəcəfova deyib. O qeyd edib ki, bronxit - ağciyərlərə hava daşıyan bronx şaxələrinin iltihablaşması xəstəliyidir. Kəskin və xroniki olmaqla iki yerə ayrılır. Xəstəliyin törədiciləri - viruslar, bakteriyalar (bəzən eyni vaxtda hər ikisi), göbələk, toksik, allergik və digərləri olur.

Həkimin sözlərinə görə, xəstəlik bir yaşa qədər körpələrdə çox vaxt bronxiolit şəklində rast gəlinir: “Bu ən kiçik bronx şaxələrinin iltihablaşması prosesidir. Kəskin bronxitin simptomları kimi tutma şəkilli öskürək, döş qəfəsində ağrı, tənəffüs zamanı xırıltıların olması, başağrıları və digərlərini göstərmək olar. Xroniki bronxit uzunsürən gedişlə, əsasən, kəskinləşmə və remissiyaların bir-birini əvəz etməsi ilə xarakterizə olunur. Bu zaman uşaqlarda bronx divarının selikli qişasında daimi ödəm müşahidə olunur ki, bu da təngnəfəslik və nəfəs darlığı əlamətləri ilə özünü büruzə verir”, - deyə həkim bildirib.

Pediatr onu da qeyd edib ki, obstruktiv bronxit daha təhlükəlidir. Bu da daimi tənəffüs pozulması ilə xarakterizə olunur. Virus formasında tənəffüs yoluna qrip, paraqrip, adenovirus, enterovirus, respirator sinsitial virus, rinovirus və digərləri daxil olur və xəstəliyin kliniki forması üzə çıxır. Yoluxma, əsasən, hava-damcı, kontakt-məişət yolu ilə yaranır. Xəstə uşağın qabları, oyuncaqları ilə təmasda olduqda sağlam uşaq da yoluxa bilər.

M.Nəcəfovanın sözlərinə görə, xəstəliyin diaqnostikası qanın ümumi analizi, bəlğəmin müayinəsi, döş qəfəsinin rentgen müayinəsi, spiroqrafiya, KT, MRT, bronxoskopiya yolu ilə həyata keçirilir: “Xəstəliyin müalicəsinə gəldikdə isə, mütləq həkim-mütəxəssis tərəfindən müayinə olunmalıdır. Özbaşına müalicələr xəstəliyin xronikləşməsinə və ya digər ağırlaşmalara səbəb ola bilər. Otağın nisbi rütubətinə nəzarət etmək, xəstəliyin törədicisinə uyğun müalicə seçmək, fizioterapiya, inqalyasiyalar, UYT, elektrofarez tətbiq olunur. Profilaktik tədbirlər kimi təmiz havada çox olmaq, düzgün qidalanma, xəstə uşaqlarla təmasdan çəkinmək tövsiyə edilir”.

Həkim-pediatr bronxitin pnevmoniya, bronxial astma, göyöskürək, kistik fibroz kimi xəstəliklərlə bənzərlik təşkil etdiyini, dəqiq diaqnozun qoyulması üçün ilkin səhiyyə xidməti müəssisələrində fəaliyyət göstərən həkim-mütəxəssislərə müraciət etməyin zəruriliyini vurğulayıb.

E-saglam.az