Damar tıxanmasının qarşısını almağın
Damar tıxanmasının qarşısını almağın

Kardiologiya Mütəxəssisi Dos. Dr. Onur Taşar müalicədə damar tıxanmasının qarşısının alınması üçün 7 təsirli üsul və yeni nəsil üsulları izah edib, mühüm xəbərdarlıq və təkliflər verib.

E-saglam.az xəbər verir ki, günümüzün ən ciddi sağlamlıq problemlərindən biri olan damar tıxanması halları bütün dünyada olduğu kimi, ölkəmizdə də getdikcə artır. İndi gənc yaşlarda baş verə bilən damar tıxanması müalicə edilmədikdə infarkt və toxuma və orqan itkisinə səbəb olaraq həyati təhlükə yarada bilər.

Dos. Dr. Onur Taşar deyir: “Əsas məqsədimiz genetik meyl, yüksək təzyiq, yüksək xolesterin, siqaret, spirt istifadəsi, şəkərli diabet, stress və oturaq həyat tərzi, eləcə də onun müalicəsi, qeyri-sağlam qidalanma kimi faktorlarla son illərdə sürətlə yayılan bu xəstəliyin ortaya çıxması və təkrarlanmasının qarşısını almaq olmalıdır”.

Texnologiya və tibbdəki sürətli inkişaflar sayəsində damar tıxanması müalicəsinin artıq daha effektiv şəkildə edilə biləcəyini ifadə edən Dos. Dr. Taşar onu da vurğulayır ki, elmi araşdırmalar işığında sadə, lakin təsirli tədbirlər görməklə bu ciddi problemdən böyük ölçüdə qorunmaq mümkündür.

Həkim müalicədə damar tıxanmasının qarşısının alınması üçün 7 təsirli və yeni nəsil üsulları izah edib, mühüm xəbərdarlıq və təkliflər verib.

Yemək vərdişlərinizi nəzərdən keçirin

Doymuş yağlarla zəngin heyvan mənşəli yağlar əvəzinə tərkibində bitki mənşəli doymamış yağ turşuları olan yağları istehlak edin. Aralıq dənizi pəhrizini qəbul edin. Şəkər, ağ çörək və s. kimi nişastalı məhsullardan uzaq durun. Gündəlik duz istehlakında 5 qramı keçməyin. Liflə zəngin tam taxıllar, meyvələr, tərəvəzlər, paxlalılar və qoz-fındıq da damar tıxanmasının qarşısını alan əsas qidalar sayıla bilər.

Qırmızı ət əvəzinə ağ ət yeyin

Həftədə ən azı bir porsiya bişmiş balıq istehlak edin. Xüsusilə yağlı balıqlar omeqa-3 yağ turşularının zəngin qaynaqlarıdır və damar tıxanmasına qarşı qoruyur. Qırmızı əti həftədə 500 qramı keçməmək şərti ilə mümkün qədər yağsız yeməli, mümkün qədər işlənmiş qırmızı ət və ət məhsullarından uzaq durmalıyıq.

Bol su için, şəkərli və qazlı içkilərdən uzaq durun

Gündə iki litr yarım su istehlak etmək damarlarımızın sağlamlığı ilə yanaşı, ümumi bədən sağlamlığı üçün də çox vacibdir. Adekvat maye istehlakı dövranı tənzimləyir və damarları qoruyur. Lakin maye istehlakı su, ayran, kefir kimi içkilərlə qarşılanmalıdır. Şəkərli və qazlı içkilərin zərərli təsirləri səbəbindən belə içkilərdən uzaq durmaq lazımdır.

Siqaret və spirtdən uzaq durun

Aparılan elmi araşdırmalar siqaret və spirtin damar sağlamlığına zərərlərini də ortaya qoyduğunu vurğulayan mütəxəssis deyir ki, qəlyan, tütün, tütün məmulatları, elektron siqaret və spirtli içkilərdən uzaq durmaq damar tıxanmasının qarşısını almaqla yanaşı, ümumi bədən sağlamlığı üçün də çox vacibdir.

Qəhvə və çay istehlakını tənzimləyin

Gündəlik bir-üç fincan süzülmüş və qaynadılmamış qəhvə istehlakının bəzi ritm pozğunluqlarının, yüksək qan təzyiqinin, ürək çatışmazlığının, yüksək xolesterinin və onun təsirlərinin, xüsusən də aterosklerozdan ölümlərin qarşısını aldığı sübut edilmişdir. Gündə üç-altı stəkan qara çay və bir stəkan yaşıl çay içməyin damar tıxanmasının qarşısını az da olsa, qarşısını aldığı da düşünülür.

Müntəzəm olaraq məşq edin

Oturaq həyat damar sağlamlığımızı təhlükəyə atan edən əsas amillərdən biridir. Odur ki, müntəzəm idmana vaxt ayırın və bunu gündəlik həyat vərdişlərinizə daxil edin. Qadınlar üçün həftədə cəmi 150 dəqiqə, kişilər üçün isə 300 dəqiqə məşq etmək damar sağlamlığının qorunmasında böyük əhəmiyyət kəsb edir.

Yuxu saatlarını nizamlayın

Keyfiyyətli yuxu damar sağlamlığı baxımından əhəmiyyətli rol oynayır. Xüsusilə gecələr ən az 7-8 saat yatmaq lazımdır. "Bir az yuxu mənə bəsdir" kimi düşünülməməsi lazım olduğunu ifadə edən Dos. Dr. Taşar gecə yuxusu zamanı bədənimizin özünü yenilədiyini nəzərə alsaq, xüsusilə gecə saat 23:00-dan etibarən yatmaq lazım olduğunu vurğulayır.

Tərcümə etdi: Könül Oruc

E-saglam.az