“Ərimdə qəribə xarakter yaranıb. Bir saat həddən artıq mehriban, şən, işgüzar olduğu halda qəflətən dəyişir, nifrət, qəzəb dolu insana çevrilir. Elə bil, bir ruhda iki insan yaşayır, o qədər sürətlə dəyişir ki, anlamaqda çətinlik çəkirəm. Gah enerjisi aşıb daşır, gah da lal-dinməz, hərəkətsiz qalır. Bu nədir?”
E-saglam.az xəbər verir ki, bu sualla müraciət edən oxucunun sualını Hit.az üçün professor, psixiatr Nadir İsmayılov cavablandırıb.
O sözügedən əlamətlərin bipolyar pozuntuya daha çox bənzədiyini bildirib:
"Buna manik-depressiv pozuntu da deyilir. Bipolyar pozuntu insanın bir anda özünü əla hiss etməsinə və bir müddət sonra özünə qapanmasına səbəb ola bilər. Majir hal dediyimiz coşğunluq halında adam özü tək başına bir dağı uçura biləcəyinə güvənir, amma bu hal bir saat və ya bir neçə gün davam edə bilir. Onu dərhal bədbinlik əvəzləyir.
Bipolyar pozuntunun ən önəmli göstəricisi insanın əhvalının həddindən artıq yüksək olmasıdır. Amma bədbinləşəndə ən boş səbəbə görə ağlayır, kədərlənir, hətta özünü öldürməyə cəhd edir”,- deyə həkim bildirib.
O bu xəstəliyin yaranmasına beyinin kimyəvi sturukturu, genetik faktorlar və travmaların səbəb olduğunu deyib.
Professorun fikrinə görə, bipolyar pozuntu genetik ötürülə bilər. Ona görə ailəsində bipolyar pozuntu olan sağlam şəxslərin psixiatra müraciət edib, müayinə olunması məsləhət görülür.Belə şəxslər ağır travmalar alıblar və onları stressdən uzaq tutmaq məsləhətdir. Məsələ bundadır ki, bipolyar pozuntusu olan adamlara toy, şənlik kimi hallar da pis təsir edə bilər. Bir çox bipolyar sindromu olan adamların toy günü özlərini öldürməsi faktı var.