Osteopat Regina Dautovanın paylaşdığı məlumata görə, gündəlik həyatda çoxlarının fərqinə varmadan etdiyi bir poza onurğa disklərinə ciddi zərər verə bilər.
E-saglam.az-ın məlumatına görə, klinik direktoru Dmitri Simkin bildirir ki, uzun müddət əyilmiş vəziyyətdə qalmaq onurğa üçün ən təhlükəli mövqelərdən biridir və disk yırtığının yaranmasına səbəb ola bilər.
Onun sözlərinə görə, qab yuyarkən, bağçılıq edərkən və ya yerə yaxın işlər görərkən bədənin davamlı şəkildə önə əyilməsi onurğa disklərinin ön hissəsini sıxır və diskin içindəki jelatinəbənzər nüvəni geriyə doğru itələyir. Bu vəziyyət tez-tez təkrarlandıqda diskin qoruyucu lifli halqası zəifləyir, uzanır və nəticədə yırtıla bilər.
Bu proses disk çıxıntılarına və daha sonra yırtıqlara yol aça bilər. Simkin vurğulayır ki, belə bir problem yalnız bel ağrısı ilə məhdudlaşmır. Sinirlərə təzyiq düşdükdə əllərdə və ayaqlarda şiddətli ağrı, keyimə və uyuşma yarana bilər. Daha ağır hallarda isə onurğa beyninin sıxılması hərəkət qabiliyyətinin qismən və ya tam itirilməsinə qədər gedib çıxa bilər.
Mütəxəssis disk yırtığının çox ciddi bir problem olduğunu və bəzi hallarda cərrahi müdaxilənin qaçılmaz ola biləcəyini xüsusi olaraq qeyd edir. Buna görə də gündəlik işlər zamanı düzgün duruşa diqqət etmək və uzun müddət əyilmiş vəziyyətdə qalmamaq onurğa sağlamlığını qorumağın əsas şərtlərindən biridir.
Tərcümə: Könül Oruc