
Böyrəklər bədənimizdə həyati funksiyaları yerinə yetirən vacib orqanlardır. Onlar qandakı artıq mayeni və toksinləri süzür, elektrolit balansını qoruyur, qan təzyiqinə, qırmızı qan hüceyrələrinin istehsalına və kalsium mübadiləsinə nəzarət edirlər. Lakin zədələndikdə bu sistem pozulur, nəticədə orqanizmdə toksinlər toplanır, maye yığılır və elektrolit balansı pozulur. Bu isə yüksək təzyiq, ürək problemləri və sümük zəifliyi kimi ciddi fəsadlara yol aça bilər.

E-saglam.az xəbər verir ki, Böyük Britaniyada əhalinin 10 faizindən çoxunun xroniki böyrək xəstəliyindən əziyyət çəkdiyi təxmin edilir. Hər il 600.000-dən çox insanda isə qəfil başlayan, lakin müalicə ilə sağalması mümkün olan kəskin böyrək zədəsi qeydə alınır.
Mütəxəssislər bildirir ki, böyrək sağlamlığını qorumaq üçün bəzi zərərli vərdişlərdən çəkinmək vacibdir:
Ağrıkəsicilərin nəzarətsiz istifadəsi
İbuprofen və aspirin kimi reseptsiz satılan dərmanlar böyrəklərdəki süzmə sisteminə zərər verə bilər. Xüsusilə yaşlı insanlar və xroniki xəstəliyi olanlar bu dərmanlardan yalnız həkim nəzarəti ilə istifadə etməlidirlər. Zəruri hallarda isə ən az dozada və qısa müddətə tətbiqi tövsiyə olunur.
Kifayət qədər su içməmək
Böyrəklərin düzgün çalışması üçün su vacibdir. Az su içmək sidiyi daha konsentrasiya edir və bu, daş, infeksiya və funksional pozğunluqlara səbəb ola bilər. Adətən gündə 1,5–2 litr (6–8 stəkan) su tövsiyə olunur.
Həddindən artıq alkoqol qəbulu
Alkoqol bədəni susuzlaşdırmaqla yanaşı, qan təzyiqini artırır və böyrəklərə əlavə yük yaradır. NHS-in məlumatına görə, həftəlik maksimum qəbul 14 vahidi keçməməlidir.
Siqaret çəkmək
Tütün təkcə ürək və ağciyərlərə deyil, böyrəklərə də zərər verir. Kadmium kimi zəhərli maddələr böyrək hüceyrələrini məhv edə bilər. Siqaret həmçinin qan axınını pozur və təzyiqi artırır.
Artıq çəki
Artıq çəki və xüsusilə qarın piylənməsi həm diabet, həm də hipertoniya riskini artıraraq böyrəklərə mənfi təsir edir. Həftədə beş gün 30 dəqiqəlik sürətli gəzinti kimi sadə fiziki fəaliyyətlə bu risk azaltmaq mümkündür.
Qeyri-sağlam qidalanma
Emal olunmuş, duzlu və şəkərli qidalar böyrəklərin işini çətinləşdirir. Tədqiqatlara görə, bu cür qidalanan insanlarda böyrək xəstəliyinə tutulma riski 24 faiz yüksəkdir. Duz istehlakı gündə 6 qramdan çox olmamalıdır.
Zəif yuxu rejimi
Gündə 6 saatdan az və ya 10 saatdan çox yatmaq böyrək funksiyasına mənfi təsir edə bilər. Optimal yuxu müddəti 7–9 saat hesab olunur.
Tərcümə: Könül Oruc