Travmatik beyin zədələrinin reabilitasiyası üzrə ixtisaslaşmış həkim Daniel Daneşvar və nevroloq Şey Dattanın sözlərinə görə, beyin silkələnməsinin simptomları düşündüyümüzdən daha müxtəlifdir və çox vaxt dərhal deyil, bir neçə saat və ya hətta gün sonra ortaya çıxır.
E-saglam.az xəbər verir ki, mütəxəssislər bildirirlər ki, ən klassik əlamətlər - baş ağrısı, başgicəllənmə və ürəkbulanma adətən ilk 24 saat ərzində müşahidə olunur. Lakin daha gec mərhələdə diqqət, yaddaş və emosional vəziyyətlə bağlı problemlər inkişaf edə bilər.
Həkimlərin vurğuladığına görə, beyin silkələnməsi daha incə və tez-tez nəzərdən qaçan simptomlarla da özünü göstərə bilər. Bunlara qıcıqlanma, narahatlıq, əhval-ruhiyyənin tez-tez dəyişməsi, diqqəti cəmləməkdə çətinlik və “beyin dumanı” deyilən vəziyyət daxildir.
Şey Dattanın sözlərinə görə, yuxu pozuntuları da bu zədənin mühüm əlamətlərindəndir. İnsan əvvəlcə həddindən artıq yorğunluq hiss edə bilər, lakin sonradan yuxusuzluq problemi ilə qarşılaşa bilər.
Daniel Daneşvar isə qeyd edir ki, simptomlar zamanla dəyişə və həm koqnitiv, həm də emosional funksiyalara təsir göstərə bilər. Bəzi hallarda görmə ilə bağlı problemlər, diqqət dağınıqlığı və ümumi bulanıqlıq hissi də müşahidə olunur.
Mütəxəssislər xəbərdarlıq edir ki, bu cür əlamətlər yüngül görünsə belə, onları nəzərdən qaçırmaq olmaz və vaxtında tibbi qiymətləndirmə vacibdir.
Tərcümə: Könül Oruc