Bel və çiyin nahiyəsində yaranan sızanaqlar təkcə estetik problem deyil, bəzi hallarda ciddi sağlamlıq problemlərinin əlaməti ola bilər.
E-saglam.az xəbər verir ki, Vladimir Mayorov bildirir ki, bu nahiyələr yağ vəziləri ilə zəngin olduğu üçün hormonal dəyişikliklərə daha həssasdır.
Mütəxəssisin sözlərinə görə, ən çox rast gəlinən səbəb androgen hormonlarının artması və ya dəri reseptorlarının bu hormonlara həssaslığının yüksəlməsidir. Bu vəziyyət sebum ifrazını artırır, məsamələri tıxayır və bakteriyaların çoxalmasına şərait yaradır. Bu problem yalnız yeniyetmələrdə deyil, böyüklərdə də müşahidə oluna bilər.
Qeyd olunur ki, belə sızanaqlar polikistik yumurtalıq sindromu, böyrəküstü vəzilərin pozğunluğu və ya hormonal dərmanların istifadəsi ilə əlaqəli ola bilər. Əgər sızanaqlar qeyri-müntəzəm menstrual dövr, artıq tüklənmə və ya çəki artımı ilə müşayiət olunursa, endokrin sistemin yoxlanılması vacibdir.
Həkim əlavə edir ki, insulin müqaviməti və yüksək şəkərli qidalanma da bu problemi yarada bilər. Yüksək insulin səviyyəsi yağ vəzilərini stimullaşdıraraq sızanaqların yaranmasına səbəb olur.
Xroniki stress də vəziyyəti ağırlaşdıra bilər. Kortizol hormonunun artması immun sistemi zəiflədir və iltihabi prosesləri gücləndirir. Eyni zamanda, bağırsaq problemləri və mikroflora pozuntuları da dəriyə təsir göstərə bilər.
Ekspert vurğulayır ki, hər səpgi sızanaq deyil. Bəzi hallarda bu, follikulit, kontakt dermatit və ya digər dəri problemləri ola bilər. Səpgi qaşınırsa, yayılırsa və ya qeyri-adi görünürsə, mütləq dermatoloqa müraciət edilməlidir.
Mütəxəssislər qeyd edir ki, ağrılı düyünlər, çapıq yaranması və ya müalicəyə cavab verməyən sızanaqlar zamanı özünümüalicədən uzaq durmaq və həkim nəzarətində diaqnoz qoyulması ən düzgün yanaşmadır.
Tərcümə: Könül Oruc