"Yemək üçün yaşayaq, ya yaşamaq üçün yeyək" sualı həyatımızda tez-tez eşitdiyimiz suallardandır.
E-saglam.az qida mütəxəssisi Fərid Səfərovun yazısını təqdim edir:
Qida mütəxəssisi bildirir ki, balanslı, qidalandırıcı və ləzzətli bir yemək rejiminə malik olmaq qida ilə həyat arasında tarazlığı qurmaq üçün çox vacibdir:
"Dünyaya gələn və ana südü içməyə başlayan körpənin həyatla qurduğu ilk əlaqə yemək və doymaqdır. O andan etibarən yaşamaq üçün yeməyə davam etməlidir. Ancaq yemək fizioloji cəhəti ilə yanaşı ruh dünyamızı da qidalandırır. Həm fiziki, həm mənəvi ehtiyaclarımız bizi yeməyə yönəldir.
Yemək sevinc, kədər və xoşbəxtliklə yanaşıdır. Biz hisslərimizi məmnun etmək üçün yeyirik, darıxanda, sıxılanda, xoşbəxt olanda yemək ən yaxın dostumuz olur. "Nə yediyinizi söyləyin, Sizə kim olduğunuzu deyim." deyimində bir çox həqiqət var, çünki yemək düşüncələrin, hisslərin ifadəsidir və həyatımızın vazkeçilməz bir hissəsidir.
Sağlam bir həyat yaşamaq üçün lazım olan qidaları yeməliyik, çünki bədənimiz ehtiyacımız olan bütün maddələri istehsal edə bilmir. Meyvələr, tərəvəzlər, yağsız proteinlər, sağlam yağlar, taxıllar kimi müxtəlif qidaları yeyərək bədənimizin yaxşı işləməsi üçün lazım olan materialı əldə edirik.
Ancaq təkcə yaşamaq üçün yesək, yemək yeməyin emosional tərəfinizi nəzərə almasaq həyatla yemək arasındakı balans pozulur. Çünki yemək yeyərək həyatımızı daha əyləncəli edə bilirik, xoşbəxt ola bilirik. Eyni zamanda da yeməyi həyatın mənası kimi qəbul etmək də həddindən çox yeməyimizə səbəb ola bilər. Çox yemək isə çəkinin artmağına səbəb olmaqla yanaşı, müxtəlif xəstəliklərə yol açır. Stressli, qayğılı, əsəbi olduğumuz anlarda bədənimizdə kortizol və insulin hormonu daha çox ifraz olmağa başlayır. Əgər ruh halımız yaxşı deyilsə dünyanın ən dadlı yeməyini yesək belə bədənimiz kalori yandırmaq prosesini azaldır və dayandırır.
Balanslaşdırılmış yemək vərdişlərinə yiyələnmək, "Yemək üçün yaşamaq" dan uzaqlaşmaq üçün bir neçə məsləhət verə bilərəm:
-Yediyiniz yeməyin porsiyasını həmişə nəzarətdə saxlayın.
-Yeməklərin yağını azaldaraq ədviyyatlarla zənginləşdirin.
-Sevdiyiniz yeməklərə həftədə bir dəfə yer verin.
-Gündəlik 1.5-3 lt su içsəniz aclıq hissiniz azalacaq.
-Yavaşlamış metabolizminizi bir fincan limonlu, darçınlı yaşıl çay ilə sürətləndirə bilərsiniz.
-Özünüzü yaxşıca dinləyin. Yemək bizim əsas ehtiyacımız ola bilər, ancaq gün ərzində yediyimiz hər şey bizim əsas ehtiyacımız deyil.
Həddindən artıq yemək ömrü qısaldır. Belə desək, yaş 40-ı keçəndən sonra can boğazdan gəlmir, gedir. Az və tez-tez yeyənlər, çəkisinə fikir verənlər daha uzun, sağlam və formada yaşayırlar.
Qədim misir heroqlif yazılarında belə bir cümlə var: "Yediyiniz 1/4-ni özünüz üçün, 3/4-nü isə həkiminiz üçün yeyirsiniz."
Bəs Siz yemək üçün yaşayırsınız, ya yaşamaq üçün yeyirsiniz?"
Könül Oruc