Yaz aylarında sürətlə yayılan, saatlar içində həyat üçün təhlükə yaradan bir xəstəlik – meningit.
E-saglam.az xəbər verir ki, Uşaq Sağlamlığı və Xəstəlikləri Mütəxəssisi Prof. Dr. Ahmet Güzel xəbərdarlıq edir – bu səssiz düşməni vaxtında tanımaq həyat qurtara bilər.
Prof. Dr. Güzel bildirir ki, meningit virus, bakteriya və göbələklərdən qaynaqlanan mikroorqanizmlərlə yayılır. Ən təhlükəli forması isə bakterial meningitdir. Bu növ, xüsusilə yaz və payız aylarında uşaqlarda yayılaraq saatlar içində ölümcül ola bilər. Lakin erkən diaqnozla müalicə mümkündür.
Körpələrdə əmmə problemi, davamlı ağlama və başda şişkinlik kimi əlamətlərə diqqət yetirilməlidir. Yaşlı uşaqlarda isə baş ağrısı, boyun tutulması, işığa həssaslıq, yüksək hərarət və göyərmə kimi simptomlar müşahidə oluna bilər.
Mütəxəssis həmçinin ortaq istifadə edilən əşyaların — qələm, silgi, xətkeş və s. — infeksiya yaymaq riski daşıdığını qeyd edir. Bu səbəblə valideynlər və müəllimlər gigiyena qaydalarına daha ciddi yanaşmalıdır.
Uşaqların ictimai mühitlərdə maskadan istifadə etməsi, xəstəlik əlamətləri olanların məktəb və oyun meydançalarından uzaq tutulması mühüm amildir.
Prof. Dr. Güzelin ən vacib çağırışı isə belədir: “Ən güclü qorunma üsulu peyvənddir. Meningitə qarşı tam peyvənd olunmuş uşaqlar bu xəstəlikdən ciddi şəkildə qorunurlar”.
Tərcümə: Könül Oruc