Böyük Britaniyadan olan 45 yaşlı Barri Cons əvvəlcə baş verənləri ciddi qəbul etmədi. Düz yerdə addımlayarkən təkrar-təkrar büdrəməyə başlayan Barri, getdikcə reaksiyalarının və hərəkətlərinin zəiflədiyini müşahidə etdi.
E-saglam.az xəbər verir ki, lakin bu sadə görünən əlamətlər sonradan ölümcül bir diaqnozla nəticələndi – ona amiotrofik yanal skleroz (ALS) xəstəliyi aşkarlandı. Bu nadir nevroloji xəstəlik vaxtilə Stiven Hokinqdə də qeydə alınmışdı.
Barri bildirir ki, ilk simptomlar göründükdən bir neçə ay sonra o, artıq təkbaşına pilləkənləri qalxa bilmirdi. “Həmişə aktiv həyat tərzi keçirmişəm, döyüş sənətləri ilə məşğul oluram. Yaxınlarda evlənmişdim və belə bir diaqnoz eşidəcəyim heç ağlıma gəlməzdi”, – deyə o paylaşır.
Təəssüf ki, ALS-in hələ də effektiv müalicəsi yoxdur. Xəstəlik tədricən əzələ funksiyalarının itirilməsinə və iflicə səbəb olur. Həkimlərin sözlərinə görə, Barri bir neçə il ərzində bu xəstəliklə yaşamağa davam edə bilər, lakin prosesin gedişi olduqca çətindir və proqnozlar ürəkaçan deyil.
Tərcümə: Könül Oruc