Son illərdə sağlam həyat tərzini dəstəkləyən içkilər arasında yaşıl çay və kefir ön planda olsa da, elmi araşdırmalar hibiskus çayının (əməköməci ) da diqqətəlayiq faydalarını üzə çıxarıb.
E-saglam.az xəbər verir ki, təbii tərkibi ilə həm rahatlaşdırıcı təsir göstərən, həm də qan təzyiqi və xolesterin səviyyəsinə müsbət təsir edən hibiskus çayı, sağlamlıq baxımından mühüm yer tutur.
Qan təzyiqi və xolesterin səviyyəsinə təsiri
Harvard Tibb Məktəbi tərəfindən aparılan tədqiqatlar hibiskus çayının antioksidantlarla yanaşı, kalium, kalsium və maqnezium kimi vacib minerallarla zəngin olduğunu ortaya qoyub. Bu çayın tərkibindəki “antosiyanin” adlı antioksidantlar ürək-damar sağlamlığını gücləndirə bilər. Bəzi klinik araşdırmalar hibiskus çayının yüksək qan təzyiqini aşağı salmaq baxımından bəzi dərmanlarla oxşar təsir göstərdiyini göstərir.
Eyni zamanda, hibiskus çayının müntəzəm istehlakının ümumi və “pis” xolesterin səviyyəsini azaltdığı da müşahidə olunub. Bu təsir onu ürək və damar sağlamlığını qorumaq istəyənlər üçün faydalı seçimə çevirir.
Digər faydaları
Hibiskus çayı yalnız qan təzyiqi və xolesterin deyil, digər sağlamlıq sahələrində də faydalıdır. Antioksidantlarla zəngin olması hüceyrələrin zədələnməsinin qarşısını alır və immun sistemini dəstəkləyir. Antiviral xüsusiyyətləri sayəsində bədənin xəstəliklərə qarşı müdafiə mexanizmini gücləndirə bilər.
Bundan əlavə, sidikqovucu təsiri ilə bədəndəki artıq mayenin atılmasına yardımçı olur. Bəzi araşdırmalar hibiskus çayının qaraciyər funksiyalarına da müsbət təsir göstərə biləcəyini qeyd edir.
İstifadədən öncə diqqət yetirilməli məqamlar
Bitki mənşəli məhsullar hər nə qədər faydalı olsa da, xroniki xəstəlikləri olan və ya müntəzəm dərman qəbul edən şəxslər hibiskus çayından istifadə etməzdən əvvəl mütləq həkimlə məsləhətləşməlidirlər. Çayın təsiri fərqli bədən quruluşlarında fərqli ola bilər. Bu səbəbdən, istifadədə fərdi yanaşma və mütəxəssis tövsiyəsi vacibdir.
Tərcümə: Könül Oruc