Qarpız zəhərlənməsi qida zəhərlənmələri arasında ən təhlükəlisi sayılır və bunun fəsadları uzun müddət davam edir. Bəzən qarpızların içinin qırmızı çıxmasına və necə deyərlər, "bal kimi" dadmasına baxmayaraq, qarpızı yedikdən bir müddət sonra zəhərlənmə baş verir ki, buna da səbəb qarpız yetişdirilərkən onun tərkibinə vurulan gübrələr və dərmanlardır.
Bu barədə E-saglam.az-a Xətai Tibb Mərkəzindən məlumat verilib.
Bildirilib ki, mütəxəssislər avqust ayının 10-15-ə kimi qarpız yeməyi məsləhət görmür.
Qarpızın tərkibində su, şəkər, azotlu maddələr, mineral maddələr və digər bir sıra vitaminlər var. İnsan orqanizmi üçün bir sıra müsbət təsirləri olan qarpız susuzluğu aradan qaldırır, bədənə soyuqluq və rütubət verir. Qarpız eyni zamanda həzmə yaxşı kömək edir, qanı durulaşdırır. Qarpız yeməklə öd ağrılarını azaldıb, qan təzyiqini tənzimləmək mümkündür.
Qarpızın suyunu bal və zəncəfillə qarışdırıb içmək bəlğəmi kəsir. Tumu böyrək daşını salır. Qarpız qabığından şəkər, yaxud bal ilə bişirilmiş mürəbbə sinə ağrısı, mədə və həzm zəifliyini aradan qaldırır.
Qarpızın növlərini formasına, ölçüsünə, görüntüsünə, qabığının qalınlığına görə fərqləndirmək mümkündür. Ən xırda ölçülü qarpızın diametri 15 sm-dən, tezyetişən və xırdameyvəlilərdə isə 12 sm-dən az olmamalıdır. Qalınqabıqlı qarpızlar daşınma və saxlanma üçün daha əlverişlidir. Qarpız qəbul olunan müvafiq sanitar qaydalara uyğun saxlanmalıdır.
Bütün bu faydalarına rəğmən, ondan zəhərlənmə hiss etdinizsə, yubanmadan həkimə müraciət edin.