Nəcisimizin görünüşü bədənimizin daxili vəziyyəti haqqında mühüm ipucları verir. Gündəlik həyatın bir parçası olan bu mövzu çox zaman diqqətdən kənarda qalır.
E-saglam.az xəbər verir ki, amma qastroenteroloqlar xəbərdarlıq edir: bəzi dəyişikliklər ciddi xəstəliklərin erkən əlaməti ola bilər.
Nəcisdə qan: təhlükəyə siqnal
Parlaq qırmızı (hematochezia) və ya qara (melena) rəngli qan müşahidə edilərsə, bu vəziyyət dərhal qiymətləndirilməlidir. Hemoroid kimi zərərsiz səbəblərlə yanaşı, bu simptomlar kolorektal xərçəng, xoralı kolit, Crohn xəstəliyi, xoralar və poliplər kimi ciddi narahatlıqların göstəricisi ola bilər.
“Yağlı” nəcis: gizli problemlərin göstəricisi
Açıq rəngli, üzən və pis qoxulu nəcis – yəni steatorreya – yağın bədəndə düzgün sorulmadığını göstərir. Pankreas çatışmazlığı, çölyak xəstəliyi və ya parazitar infeksiyalar bu vəziyyətə səbəb ola bilər.
Nəcisdə selik: bağırsaqların xəbərdarlığı
Nəcisdə şəffaf və ya ağımtıl selik varsa, bu, bağırsaq infeksiyaları, İBS və ya iltihabi bağırsaq xəstəlikləri ilə əlaqəli ola bilər.
Forma dəyişiklikləri: şişlərə diqqət
Nəcisin qəfil incəlməsi (qələmşəkilli olması) xüsusilə kolorektal xərçəngin ilkin xəbərdarlığı ola bilər. Bu hal qəbizlik, ishal və ya tez-tez tualet ehtiyacı ilə müşayiət edilə bilər.
Anormal rənglər nə deyir?
Qara: Yuxarı həzm yollarında qanaxma.
Ağımtıl: Öd yollarında tıxanma.
Qırmızı: Aşağı həzm yollarında qanaxma.
Sarı: Parazitlər və ya artıq bilirubin.
Nə zaman həkimə müraciət olunmalıdır?
Əgər bu simptomlar 2 həftədən artıq davam edirsə və ya kilo itkisi, davamlı yanğın, ailədə xərçəng tarixçəsi və ya 50 yaşdan yuxarı olmaq kimi risk faktorları mövcuddursa, tibbi məsləhət almaq vacibdir.
Kolonoskopiya, gizli qan analizi və digər müayinələr erkən diaqnoz üçün həyati əhəmiyyət daşıyır. Unutmayın, kolorektal xərçəng erkən mərhələdə aşkarlanarsa, müalicə olunma şansı 90%-dən çoxdur.
Tərcümə: Könül Oruc