Əgər pəhriz saxlayırsınızsa ən çox şəkərdən uzaq durmağınız tövsiyə edilir. Təəssüf ki, meyvələri də bura daxil edirlər. Ancaq çəki atmaq istəyirsinizsə tərkibindəki şəkər miqdarına görə meyvədən imtina etmək şirin qazlı içkilər və ziyanlı qidalardan imtina etməklə eyni faydanı verməyəcəkdir.
E-saglam.az bildirir ki, qida eksperti Fərid Səfərovun sözlərinə görə, alma nə qədər şirin olsa da əslində tərkibində şəkərdən daha çox şeylər ehtiva edir.
Meyvələrin tərkibində lif, vitamin, mineral və orqanizm üçün önəmli olan xeyirli maddələr var. Çoxlu meyvə yeyən insanlar adətən ən sağlam insanlardırlar və bu insanların yüksək təzyiq, diabet, piylənmə və ürək xəstəlikləri keçirtmə təhlükəsi azdır.
2013-ci ildə aparılan elmi araşdırmada meyvə yemək diabet xəstəliyini 28/100 qədər azaldarkən, həftədə 3 dəfə meyvə suyu içmək bu təhlükəni 8/100 artırır. Bir almanın tərkibində təxminən 15 qram şəkər olsa da bir qutu Cola-da 39 qram şəkər var. Üstəlik alma yeyərkən doyuruq, çünki meyvə və tərəvəzlərin tərkibində bol miqdarda lif var. Lif həzm prosesinə çox yaxşı təsir edir.
Buna görə də şirniyyat ehtiyacını ödəmək üçün bir dilim meyvə və ya şirniyyat və şokolad arasında seçim etməli olsanız meyvəni seçin.
Könül Oruc