Dərmanı acqarına qəbul etmək ümumiyyətlə tövsiyə edilmir. Tez-tez deyilir ki, dərman qəbul etməzdən əvvəl bir neçə tikə yemək lazımdır.
E-saglam.az xəbər verir ki, yeni bir araşdırmaya görə, bəzi qidalar dərmanın effektivliyini artıra, bəziləri isə azalda bilər. Dərmanı acqarına qəbul etmək çox vaxt təhlükəli olsa da, bəzi dərman və qida birləşmələri qan laxtalanmasına və ya qaraciyərin zədələnməsinə səbəb ola bilər.
Yeni bir dərmana başlamazdan əvvəl, yeməməyiniz tövsiyə olunan qidaları yoxlamaq üçün dərmanın istifadəsinə dair təlimatları oxumaq vacibdir.
Bəzi dərmanlar və qidalar var ki, birlikdə qəbul etmək olmaz. Həmin siyahını sizlərə təqdim edirik.
Qreypfrut və statinlər
Statinlər qanda "pis xolesterin" olaraq da bilinən yüksək xolesterinin səviyyəsini aşağı salan dərmanlardır. Britaniya Ürək Fondunun məlumatına görə, bu dərmanları qəbul edən insanlar qreypfrut və qreypfrut şirəsindən mütləq çəkinməlidirlər. Bu qidanın qəbulu dərmanın yan təsirlərini əhəmiyyətli dərəcədə artırır. Qreypfrutda orqanizmin dərmanı parçalamaq prosesinə mane olan bir qrup kimyəvi maddə var.
Bu meyvələr dərmanla birlikdə qəbul edildikdə bəzi fermentlərin fəaliyyətini dayandırır və dərmanın nəzərdə tutulan dozadan daha çox bədəndə udulmasına səbəb ola bilər.
Limon və portağal kimi digər sitrus meyvələrinin də eyni təsirə malik olduğu düşünülür.
Qreypfrut bəzi qan təzyiqi dərmanlarının və bəzi psixiatrik dərmanların yan təsirlərini də artıra bilər.
Süd məhsulları və antibiotiklər
Süd, pendir və qatıq kimi süd məhsulları antibiotiklərin udulmasının qarşısını ala bilər.
Süd məhsullarının tərkibində olan kalsium həzm sistemində antibiotiklərə bağlanaraq dərmanın sorulmasını və effektivliyini azaldır. Bunun qarşısını almaq üçün süd məhsullarını qəbul etməzdən bir neçə saat əvvəl və ya sonra antibiotik qəbul etmək məsləhət görülür.
Dərmanı süd məhsulları ilə birlikdə qəbul etmək qan təzyiqində ciddi artım, sinə ağrısı və ürək ritminin artması kimi yan təsirlərə səbəb ola bilər.
Yaşıl yarpaqlı tərəvəzlər və qan durulaşdıran dərmanlar
Əgər qan durulaşdıran dərmanlar qəbul edirsinizsə, nə qədər yaşıl yarpaqlı tərəvəz yediyinizi diqqət etməlisiniz. Sağlamlığa faydaları ilə seçilən ispanaq, kələm və brokoli kimi qidalar qan laxtalanmasında rol oynayan K vitamini ilə də zəngindir.
Kələm, ispanaq və kahı kimi bir çox yaşıl yarpaqlı tərəvəzlərdə olan K vitamini qan durulaşdıran dərmanların təsirini aradan qaldıra və qanın laxtalanmasını artıra bilər.
Spirtli içki və ağrıkəsicilər
Bəzi dərmanlar var, məsələn, antibiotiklər, biz onları heç vaxt spirtli içki ilə qəbul etmirik. Bununla belə, bəzi ağrıkəsicilər, antidepresanlar və diabet dərmanları da alkoqol ilə qarşılıqlı əlaqə zamanı fəsadlara səbəb ola bilər.
Bu qarşılıqlı təsirlər başgicəllənmə, yuxululuq, qaraciyərin zədələnməsi və digər ciddi problemlərə səbəb ola bilər. Yalnız reseptlə verilən ağrıkəsicilərdən istifadə edirsinizsə, alkoqoldan qəti şəkildə çəkinmək lazımdır. Bu dərmanlarla birlikdə spirtli içkilərin qəbulu ağır yuxululuq və ürəkbulanma kimi yan təsirlərə səbəb ola bilər.
Qəhvə və Antipsixotik dərmanlar
Antipsixotik dərmanlar şizofreniya, bipolyar pozğunluq və depressiv pozğunluğu olan insanları müalicə etmək üçün istifadə olunur.
Bu həbləri çay və ya qəhvə kimi məhsullarda olan kofeinlə qəbul etmək, vücudunuzun dərmanı su ilə qəbul etməkdən daha az mənimsəməsinə səbəb ola bilər.
Kofein həmçinin bəzi antipsixotik dərmanların yan təsirlərini artıra bilər, ürək ritmini artırar və qan təzyiqinin artmasına səbəb olur.
Tərcümə etdi: Könül Oruc