Mançester Universitetində aparılan yeni araşdırma göstərib ki, astma xəstələri üçün inhalyatorun günorta saat 15:00–16:00 arasında istifadəsi gecə tutmalarının qarşısını almaqda ən təsirli vaxtdır.
E-saglam.az xəbər verir ki, Thorax jurnalında dərc olunan bu tədqiqat, xüsusilə gecələr pisləşən ağciyər funksiyalarını yaxşılaşdırmaq üçün gündə bir dəfə günorta dozasının daha səmərəli olduğunu ortaya qoyub.
Melburn Universitetindən Dr. Hannah Durrington-un rəhbərlik etdiyi araşdırmada qeyd olunub ki, bu vaxt seçimi bəzi hallarda yüksək dozalı steroidlərin ehtiyacını da azalda bilər. Mütəxəssislər bu nəticələrin astma müalicəsində bədənin bioloji saatına uyğun dozajın vacibliyini göstərdiyini vurğulayırlar.
21 nəfər üzərində aparılan tədqiqatda səhər, günorta və səhər-axşam bölünmüş dozalar sınaqdan keçirilib. Ən yaxşı nəticə isə günortadan sonra qəbul edilən bir dozada qeydə alınıb.
Statistikaya görə, astma tutmalarının 80 faizi gecə baş verir. Böyük Britaniyada gündə orta hesabla üç nəfər astma səbəbilə həyatını itirir. Mütəxəssislər inhalyatorların düzgün vaxtda istifadəsinin həyat keyfiyyətini artırmaqla yanaşı, ölüm riskini də azalda biləcəyini bildirirlər.
Tərcümə: Könül Oruc