Yeni tədqiqatlar göstərir ki, yaşla beyin həcmi ümumiyyətlə azalır, lakin bəzi bölgələr əslində güclənir.
E-saglam.az xəbər verir ki, insan və siçan beyinlərinin analizi somatosensor korteksin – toxunma və sensor məlumatı emal edən hissənin – bəzi təbəqələrinin yaşla qalxdığını ortaya qoyub.
Alman neyroloq Esther Kühn izah edir ki, korteksin orta və yuxarı təbəqələri daimi stimullaşdırıldığı üçün qalınlığını qoruyur və hətta artır. Alt təbəqələr isə az stimullaşdırıldığı üçün incəlir, lakin kompensator mexanizmlər vasitəsilə funksionallığı qoruyur.
Bu tapıntı göstərir ki, neyroplastiklik – beynin dəyişən şərtlərə uyğunlaşma qabiliyyəti – yaşla hələ də aktivdir. Günlük fəaliyyətlər və stimullaşdırıcı məşğələlər beynin müəyyən hissələrini gücləndirərək funksiyasını saxlamağa kömək edə bilər.
Tədqiqat "Nature Neuroscience" jurnalında dərc olunub.
Tərcümə: Könül Oruc