Uşaqlarda yemək problemi nə üçün yaranır?
Sağlam qidalanma alışqanlıqları uşaqlarda kiçik yaşlardan başlanmalıdır. Burada valideyn və körpəsi arasında çox dərin fiziki və psixoloji bağ yaranmalıdır. Sağlam qidalanmağı vaxtaşırı yox, daim, aktiv şəkildə təbliğ etmək lazımdır. Ana övladına harada hansı yeməyi verəcəyini özü təyin edir, uşaq isə nə qədər yeyəcəyinə özü qərar verir. Qulağa xoş gəlir eləmi? Amma çox ailədə bu proses heç də asan olmur. Belə ki, istər ev, istər qonaqlıq, istərsə də səyahətdə uşağa ümumiyyətlə yemək yedirmək analar üçün kabusa çevrilir.
Mövzu ilə bağlı E-saglam.az-a açıqlama verən Ailə həkimi Aidə Mirzəyeva bildirib ki, uşaqların yemək istəməməsinin əsas səbəblərindən biri anaların qidalandırma üsullarıdır. Qidalandırma üsullarına görə valideynlər 4 qrupa bölünürlər:
1. Uşağı istədiyi yeməyi istədiyi vaxt yeyə bilər.
2. Uşağının sevdiyi yeməkləri bişirir, əgər yeməsə daim alternativlər hazırlayır.
3. Uşağa yeməyi yedirmək üçün “aburcuburlar” təklif edir, “rüşvət verir”.
4. Uşağı da ailə süfrəsində yedirən, sağlam olmayan qidalardan çəkindirən, özü də sağlam qidalanan, zorla yeməyə məcbur etməyənlər. (Bu normal versiyadır).
“Pika” sindromu – Uşaqlarda sink, kalsium və dəmir əskikliyindən irəli gələn iştahsızlıq. Bu zaman uşaqlar yad maddələr yeməyə çalışırlar(torpaq, palçıq, təbaşir,karandaş, kağız və s.)
”Anoreksiya nevroza” – Uşaqlarda, əsasəb yeniyetmələrdə kökəlməkdən qorxmaq. Arıq olmasına baxmayaraq yemək yeməkdən imtina edirlər.
Süd dişlərində kariyes - Uşaqlar diş ağrısını ifadə etməkdə çətinlik çəkirlər deyə, bəzən diş ağrısı yemək yeyərkən diskomfort hissi, aqressiya verir deyə yeməkdən imtina edirlər.
Sürətli böyümə dövründə makaron, kartof, düyü kimi bol karbohidratlı yeməkləri sevirlər. Valideynlər də bu yeməkləri rahat yediyi üçün daim bu döngü mətbəxdə gedir, beləliklə uşaqlar başqa yeməkləri dadmaqdan imtina edirlər. Bunun üçün ev yeməklərinə keçid edərkən mütləq müxtəlif qidaların sintezini edin, uşaqlara yeni dadlar daddırmaqdan çəkinməyin.
Yemək yeyərkən telefonla yedirtməyin. Çünki uşağın fikri yeməkdə olmadığından o yeməyin fərqinə varmır. İştahsızlıq problemi yaranır.
Unutmayın, məlumatsız olmaq uşaqda bərpası çətin olan, bəzən də qalıcı mənfi alışqanlıqlara səbəb ola bilər. Odur ki, özünüzü bəndlərdən birində axtarın.
Könül Oruc