Soyuq hava xroniki xəstəlikləri olan insanlar, xüsusilə diabet və ayaq damar xəstəliklərindən əziyyət çəkənlər üçün ciddi risk yaradır.
E-saglam.az xəbər verir ki, ürək-damar cərrahiyyəsi üzrə mütəxəssis Prof. Dr. Onur Göksel bildirir ki, soyuq havada damarların daralması qan dövranını zəiflədir və bu, diabet xəstələrində ağır fəsadlara səbəb ola bilər.
Soyuqla qarşılaşdıqda bədən həyati orqanları qorumaq üçün qanı əsasən daxilə yönəldir. Bu zaman əllər və ayaqlardakı damarlar daralır. Sağlam insanlarda bu, normal mexanizmdir. Lakin diabet və periferik damar xəstəliyi olan şəxslərdə artıq daralmış damarlar daha da sıxılır və toxumaların qidalanması kəskin şəkildə azalır.
Ən erkən xəbərdarlıq əlamətləri ayaqlarda solğunluq, göyərmə, uyuşma, soyuqluq hissi və rəng dəyişiklikləridir. Bu əlamətlər qan dövranının zəiflədiyini göstərir və dərhal diqqət tələb edir.
Qan axınının azalması yaraların gec sağalmasına, infeksiya riskinin artmasına və xoralara səbəb ola bilər. Kiçik bir çat və ya cızıq belə vaxtında müalicə edilməzsə, ciddi problemlərə, hətta ətrafın itirilməsinə qədər gedib çıxa bilər.
Diabet xəstələrində əlavə risk “neyropatiya”dır. Sinir uclarının zədələnməsi səbəbilə ağrı və temperatur hissi azalır. Buna görə də xəstələr ayaqlarının yandığını və ya donduğunu hiss etməyə bilərlər. Qızdırıcıya çox yaxın durmaq və ya isti su torbasından istifadə etmək yanıqlara səbəb ola bilər.
Soyuq hava dərini qurudur və mikroskopik çatlar yaradır. Qan dövranı zəif olan ayaqlarda bu çatlar sağalmayan yaralara çevrilə bilər və infeksiyaya yol aça bilər.
Mütəxəssislər bildirir ki, diabet xəstələrində “qış ağrısı” ciddi həyəcan siqnalıdır. Bu ağrılar damarların kritik dərəcədə daraldığını göstərə bilər. Belə hallarda dərhal həkimə müraciət etmək vacibdir.
Qış aylarında diabet xəstələri hər gün ayaqlarını yoxlamalı, rəng dəyişikliyi, yara, çat və ya şişkinlik olub-olmadığını müşahidə etməlidirlər. Erkən müdaxilə ağır fəsadların qarşısını ala bilər.
Praktik tövsiyələr:
Ayaqları isti saxlayan, amma nəfəs alan pambıq corablar geyinilməlidir.
Ayaqqabılar dar olmamalı və ayağı sıxmamalıdır.
Ayaqlar birbaşa isti səthlərə yaxınlaşdırılmamalıdır.
Ən kiçik yanıq və ya yara şübhəsində belə həkimə müraciət edilməlidir.
Uzun müddət soyuqda qalmaqdan çəkinmək lazımdır.
Soyuq hava diabet xəstələri üçün sadəcə narahatlıq deyil, ciddi sağlamlıq təhlükəsidir. Doğru qorunma və vaxtında nəzarət isə bu riskləri minimuma endirə bilər.
Tərcümə: Könül Oruc