Yandex watch
Sosial media fenomenləri sağlamlıq üçün  təhlükəlidir! TikTok-da sağlamlıqla bağlı məlumatların

Sosial media fenomenlərinin sağlamlıq mövzusunda paylaşdığı məlumatlar ictimai sağlamlığa ciddi zərər vurur. Şəxsi təcrübələrə əsaslanan, reklam məqsədli və ya daha çox izlənmə əldə etmək üçün manipulyasiya olunan paylaşımlar cəmiyyəti yanlış istiqamətləndirir və sağlamlıqla bağlı təhlükəli nəticələrə səbəb olur.

Emlakbazari.az

E-saglam.az xəbər verir ki, ABŞ-nin Ohayo Universiteti tərəfindən aparılan araşdırma TikTok-da yayımlanan sağlamlıqla bağlı məlumatların 73 faizinin qeyri-dəqiq və etibarsız olduğunu üzə çıxarıb. Bu nəticə sosial medianın insan sağlamlığı üzərindəki mənfi təsirini bir daha göstərib. OTC Assosiasiyasının İdarə Heyətinin üzvü, əczaçı Neylan Zırhlıoğlu Ener bu barədə belə deyib:
"Sosial mediada sağlamlıq mütəxəssisi kimi çıxış edən şəxslər xalq sağlamlığı ilə oynayır. Həkim və əczaçılara tətbiq olunan hüquqi məhdudiyyətlər bu şəxslərə şamil olunmur və nəticədə insanlar yanlış istiqamətləndirilir."

Göz oxşayan reklamlardan həyat təhlükəsinə

Sosial media artıq hər yaşda insanın gündəlik həyatının ayrılmaz hissəsinə çevrilib və eyni zamanda, ənənəvi reklam anlayışını tamamilə dəyişib. Televiziya və radio reklamlarının yerini indi cazibədar görünüşlü, əyləncəli və cəlbedici “influencer”lərin sponsorlu paylaşımları alıb. Hər mövzuda fikir bildirən bu şəxslər sağlam həyat, qidalanma və müalicə üsulları barədə tövsiyələr verməyə başladıqda isə vəziyyət daha da təhlükəli hal alır. Bu təhlükəyə OTC Assosiasiyasının təşkil etdiyi ilk “Rəqəmsal Sağlamlıq və Rəqəmsal Sağlamlıq Savadlılığı Konqresi”ndə xüsusi olaraq diqqət çəkilib.

Günümüzün reallığı: Gündə 8 saat internet

“We are Social” adlı platformanın təqdim etdiyi hesabata əsasən, insanlar gün ərzində orta hesabla 8 saatını internetdə keçirir. OTC Dərnəyi İdarə Heyətinin sədri, əczaçı Vildan Küçükmustafa bildirib ki, bu istifadəçilərin təxminən 80 faizi məlumat axtarışı üçün internetə üz tutur. Araşdırmaya görə, hər beş nəfərdən dördü sosial mediadan aktiv şəkildə istifadə edir.

Bu məlumatları səhiyyə xərcləri ilə əlaqələndirdikdə ortaya maraqlı və narahatedici nəticələr çıxır. Uyğun olmayan dərman istifadəsinin, sağlamlıq xərclərinin təxminən 10-15 faizini təşkil etdiyi bildirilir və bunun əsas səbəblərindən biri də internetdə yayılan yanlış məlumatlardır.

Nəticə: Təkcə fərdi məsuliyyət kifayət deyil

Sosial mediada yayılan səhv sağlamlıq məzmunları yalnız fərdi sağlamlığa deyil, bütöv bir cəmiyyətin rifahına və səhiyyə sisteminə ağır yük salır. Bu səbəbdən, səhiyyə ilə bağlı məlumatların paylaşılması və yayılması sahəsində ciddi nəzarət və hüquqi tənzimləmələrə ehtiyac var.

E-saglam.az