
Yay yaxınlaşdıqca təbiət canlanır, milçək və həşəratlar isə yenidən gündəmə gəlir. Bu mövsümdə tez-tez rast gəlinən həşərat dişləmələri bədəndə qızartı və şişkinlik yarada bilər.

E-saglam.az xəbər verir ki, lakin mütəxəssislər xəbərdarlıq edir: "Sizi hansı böcəyin dişlədiyini tanımaq, düzgün müalicə üçün vacibdir".
Dişləməni tanımaq niyə vacibdir?
Ekspert bildirir ki, “Görəsən məni hansı həşərat dişləyib?” sualının cavabı tətbiq olunacaq müalicəni dəyişə bilər. Müxtəlif həşəratların dişləmələri fərqli reaksiyalara səbəb olur – bəziləri sadəcə yüngül qaşıntı yaradır, digərləri isə ciddi şişkinlik və iltihabla nəticələnə bilər.
Müxtəlif həşərat dişləmələrinin tipik görünüşləri var:
Ağcaqanad: Adətən tək, yüngül şişkin və qaşıntılı.
Qarışqa: Kiçik, qırmızı nöqtələr və yandırıcı hiss.
Gənə: Dəriyə yapışır, çıxarıldıqdan sonra halqavari qızartı yarana bilər – Lyme xəstəliyinə işarə ola bilər.
Birə: Kiçik, qırmızı və qaşıntılı nöqtələr, adətən topuq və ayaqlarda qruplaşmış şəkildə.
Yataq böcəkləri: Qırmızı, qabarıq, qaşıntılı izlər – tez-tez düz xətt və ya sıx qruplarla.
Hörümçək: Növündən asılı olaraq qızartı, şişkinlik və ortada kiçik yara.
Arı/Eşşəkarısı: Ani ağrı, qızartı və şişlik – allergik reaksiyalar təhlükəli ola bilər.
Əqrəb: Şiddətli ağrı, yanma, uyuşma və şişlik – təcili tibbi yardım tələb edir.
Mütəxəssis xəbərdarlığı: Dəqiq diaqnoz üçün həkimə müraciət edin
Mütəxəssis qeyd edir ki, dişləmə yerinin şəklini çəkib həkimə göstərmək faydalı ola bilər. Ancaq hər bir insanın orqanizmi fərqli olduğundan eyni həşəratın fərqli şəxslərdə yaratdığı reaksiya da müxtəlif ola bilər. Bu səbəbdən, vizual bələdçi yalnız ümumi fikir vermək üçündür. Ən doğru diaqnoz və müalicə üçün həkimə müraciət vacibdir.
Yay aylarında artan həşərat dişləmələrindən qorunmaq üçün bu məlumatı özünüzlə yanaşı, tətilə və kəndə gedəcək yaxınlarınızla da bölüşməyi unutmayın.
Tərcümə: Könül Oruc