Yandex watch
Saqqız çeynəməklə viruslardan qorunmaq mümkündürmü? -

Emlakbazari.az

E-saglam.az xəbər verir ki,  ABŞ və Finlandiyalı alimlərin apardığı son tədqiqatlar göstərib ki, xüsusi hazırlanmış saqqızlar herpes və qrip viruslarını "tutmaq" və zərərsizləşdirmək gücünə malikdir. Bu saqqızların çeynənməsi ilə ağız boşluğunda virus yükünün azalması və infeksiyanın yayılmasının qarşısının alınması mümkündür.

Yeni nəsil qoruyucu vasitə: antiviral saqqız

Dünyada geniş yayılmış viruslardan olan Herpes simplex HSV-1 və HSV-2 ağız boşluğunda yaralara səbəb olur. Bu virusların ötürülməsinin qarşısını almaq üçün indiyədək effektiv metodlar mövcud olmasa da, yeni antiviral saqqız bu boşluğu doldura bilər. Xüsusilə herpes peyvəndlərinin maliyyə səbəbindən inkişaf etdirilə bilmədiyini nəzərə alsaq, saqqız kimi alternativ üsullar mühüm əhəmiyyət daşıyır.

Təbii zülal virusları zərərsizləşdirir

Bu antiviral saqqız “Lablab purpureus” adlı paxlalı bitkinin toxumlarından əldə edilən tozdan hazırlanır. Bu bitki FRIL adlı virusları tutmaq bacarığı olan təbii zülalla zəngindir. Tədqiqat zamanı məlum olub ki, bu zülal saqqız çeynənərkən ağız suyuna qarışır və virusların böyük bir hissəsini təsirsiz hala salır.

Təcrübələrin nəticələri ümidvericidir

Laboratoriya sınaqları göstərib ki, 15 dəqiqəlik çeynəmədən sonra ağız suyuna qarışan FRIL zülalı:

  • H1N1 və H3N2 qrip viruslarının 95%-dən çoxunu,

  • HSV-1 virusunun 75%-ni,

  • HSV-2 virusunun isə 94%-ni zərərsizləşdirir.

COVID-19 və quş qripinə qarşı da təsirli ola bilər

Tədqiqat qrupu eyni zamanda COVID-19 virusunun ötürülməsini 95% azaldan oxşar saqqızların nəticələrinə əsaslanaraq bu sahədə işlərini davam etdirir. Əvvəlki araşdırmalarda FRIL zülalının quş qripi virusları H5N1 və H7N9-a qarşı da effektiv olduğu sübut edilib.

İnsanlar üçün təhlükəsizdir, amma...

ABŞ Qida və Dərman İdarəsi (FDA) lablab lobya tozunu aşağı dozada istifadəsi üçün təhlükəsiz və toksik olmayan bir maddə kimi tanıyır. Lakin bu saqqızların antiviral təsirinin klinik olaraq təsdiqlənməsi üçün əlavə insan sınaqlarına ehtiyac var. Mövcud peyvəndlərin ötürülməni tamamilə dayandıra bilmədiyi bir dövrdə antiviral saqqızlar ağız yolu ilə yayılan viruslara qarşı tamamlayıcı və praktiki bir qoruma vasitəsi kimi çıxış edə bilər. Tədqiqat “Molecular Therapy” jurnalında dərc olunub və bu sahədə gələcək yeniliklər üçün ümid vəd edir.

Zəhra Niftiyeva 

E-saglam.az