Tibbi xəbərlər
Qlütenə qarşı həssaslığın müayinə və stasionar müalicəsi icbari tibbi sığorta ilə qarşılanır? -
Tibbi xəbərlər
130

Qlütenə qarşı həssaslığın müayinə və stasionar müalicəsi icbari tibbi sığorta ilə qarşılanır? - CAVAB

Seliakiya (çölyak) — buğda, arpa, çovdar kimi dənli bitkilərdə olan qlüten adlı proteini parçalayan fermentlərin çatışmazlığı ilə əlaqəli nazik bağırsağın genetik xəstəliyidir. Bu dənli bitkilərdən hazırlanmış qidaların qəbulu nazik bağırsağın iltihabına və zədələnməsinə səbəb olur. Bu xəstəliyi olan insanların orqanizmi qlüteni qəbul edə bilmir.

E-saglam.az xəbər verir ki, uşaqlarda seliakiya xəstəliyi adətən erkən yaşda tərkibində qlüten olan süni qidalara keçmə zamanı əmələ gəlir. Əgər xəstəliyin diaqnozu vaxtında qoyulmazsa uşaqlarda inkişaf geriliyi, boy və çəki artımının, cinsi yetkinliyin ləngiməsi, osteoporoz, həzm sistemi problemləri, qadınlarda hormonal disbalans, vitamin və mineralların çatışmazlığı, anemiya yarana bilər.

Xəstəliyin müayinəsi və ağırlaşma zamanı stasionar terapevtik müalicə icbari tibbi sığorta ilə qarşılanır. Xəstəliyin diaqnostika və müalicəsi pediatr/terapevt və qastroenteroloq tərəfindən aparılır. İxtisaslı həkimin müayinəsi, sözügedən xəstəliyin əsas müayinə üsulu olan seliakiya paneli və digər laborator analizlər, endoskopiya, biopsiya müayinələri və bəzi genetik müayinələr icbari tibbi sığortanın Xidmətlər Zərfinə daxildir. Müayinədən əvvəl qlütenli qidaların pəhrizdən çıxarılması düzgün nəticələrin əldə edilməsinə mane ola bilər. Buna görə müayinə dövründə qlüten istifadəsi davam etdirilməlidir.

İcbari tibbi sığorta ilə sözügedən tibbi xidmətlər tibbi göstəriş və həkim təyinatı əsasında TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələrində və Səhiyyə Nazirliyinin müvafiq elmi-tədqiqat institutlarında icra olunur.

Məlumat üçün bildirək ki, seliakiyaya istənilən yaşda rast gəlinir. Əsasən, xroniki ishal və ya qəbizlik, ürək bulanma və qusma, qarın ağrısı və şişkinlik, dəmir çatışmazlığı, yorğunluq, sümük və oynaq ağrıları, dəri problemləri, uşaqlarda çəki və boy artımında geriləmə, yuxu pozğunluğu, çəki itkisi, qadınlarda menstrual dövrün pozulması, sonsuzluq və hamiləlikdə düşük kimi simptomlarla müşahidə oluna bilər. 

Bu xəstəliyi olan şəxslər buğda, çovdar, arpa kimi dənli bitkilərdən hazırlanmış çörək, makaron, şirniyyat kimi qlütenli qidaları tamamilə rasiondan çıxarmalı, həkimin təyin etdiyi pəhrizə riayət etməli, qəbul etdikləri dərman və qida əlavələrinin tərkibində qlüten olub-olmadığını yoxlamalıdırlar. Bununla xəstəliyin simptomları azalır və bağırsaq zədələnməsinin qarşısı alınır.

Xəstəlik barədə əhalinin məlumatlılığının artırılması erkən diaqnostika və müalicənin vaxtında təyin edilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

E-saglam.az

 

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun