Tibbi xəbərlər
Qış depressiyası nədir və gün işığı azaldıqda
Tibbi xəbərlər
101

Qış depressiyası nədir və gün işığı azaldıqda beyində nə baş verir?

Payız və qış aylarında gün işığının azalması bir çox insanda sadəcə yorğunluq yox, daha ciddi psixoloji dəyişikliklər yarada bilər. Mütəxəssislər bildirirlər ki, bu vəziyyət tibbdə “Mövsümi Affektiv Pozuntu” adlanır və vaxtında diqqət yetirilmədikdə gündəlik həyata ciddi təsir göstərə bilər.

E-saglam.az xəbər verir ki, Ruhi Sağlamlıq və Xəstəliklər üzrə mütəxəssisi Dr. Səlim Fidan açıqlamasında qış depressiyasının düşündüyümüzdən daha geniş yayıldığını deyib. Onun sözlərinə görə, bu hal artan yuxu ehtiyacı, davamlı depressiv əhval, karbohidratlara meyl və çəki artımı ilə özünü göstərir. Ən xarakterik cəhət isə yaz və yay aylarında əlamətlərin nəzərəçarpacaq dərəcədə azalmasıdır.

Mütəxəssis vurğulayıb ki, qış yorğunluğu bir neçə günə keçə bilər, lakin mövsümi depressiyada simptomlar həftələrlə davam edir və iş, təhsil və sosial həyatı pozur. Enerji itkisi, motivasiyanın azalması, sosial təcrid, diqqət toplamaqda çətinlik və dəyərsizlik hissi əsas əlamətlər sırasındadır.

Dr. Fidan bildirib ki, gün işığı azaldıqda beyində hormonal balans dəyişir. Qış aylarında melatonin hormonu daha uzun müddət ifraz olunur ki, bu da yuxululuğun artmasına və enerjinin azalmasına səbəb olur. Eyni zamanda serotonin səviyyəsi düşür. Bu hormonun azalması depressiv əhval, süstlük və motivasiya itkisi ilə nəticələnir. Nəticədə bədənin bioloji saatı, yəni sirkadian ritm pozulur.

Mütəxəssisin sözlərinə görə, qış depressiyası qadınlarda daha çox müşahidə olunur və adətən 20–40 yaş arasında başlayır. Gün işığının az olduğu ölkələrdə və bölgələrdə bu risk daha yüksəkdir. Depressiya keçmişi olanlar, gecə növbəsində işləyənlər, uzun müddət qapalı məkanlarda qalanlar da risk qrupuna daxildir.

Müalicədə ən effektiv üsullardan biri işıq terapiyası hesab olunur. Bundan əlavə, koqnitiv davranış terapiyası və bəzi hallarda dərman müalicəsi tətbiq oluna bilər. Bütün müalicə planlarının mütləq mütəxəssis nəzarəti ilə aparılması tövsiyə olunur.

Gündəlik həyatda isə günəş işığından maksimum yararlanmaq, müntəzəm fiziki aktivlik, düzgün yuxu rejimi, sağlam qidalanma və sosial əlaqələri qorumaq qış depressiyasından qorunmağa kömək edə bilər. Mütəxəssislər simptomları uzun müddət davam edən şəxslərin mütləq peşəkar dəstək almasını tövsiyə edirlər.

Tərcümə: Könül Oruc

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun