Kardioloq Dos. Dr. Arif Arısoy bildirib ki, şah damarında (karotis arter) yaranan tıxanma beyinə qan axınını azaldaraq iflicə gətirib çıxara bilər. Erkən diaqnoz həyati əhəmiyyət daşıyır.
E-saglam.az xəbər verir ki, boyundakı bu damarlar yağ və xolesterin yığıldıqda daralır, nəticədə qan axını azalır və laxtalanma riski artır. Müalicə olunmazsa, bu vəziyyət beyin damarlarının tıxanmasına və daimi iflicə səbəb ola bilər.
Xəstəliyin əsas səbəbi damar sərtliyidir. Risk faktorlarına yüksək təzyiq, xolesterin, şəkərli diabet, siqaret, piylənmə və hərəkətsizlik daxildir.
Əlamətlərə üz, qol və ya ayaqda qəfil keyimə, danışıq və görmə pozğunluğu, başgicəllənmə daxildir. Bu simptomlar qısa sürsə belə, böyük iflicin xəbərçisi ola bilər.
Diaqnoz adətən doppler ultrasəs ilə qoyulur. Müalicə mərhələsinə görə dərman, stent və ya cərrahi əməliyyat tətbiq edilir.
Dr. Arısoy vurğulayıb: “Erkən diaqnoz həyat qurtarır. Sağlam qidalanma, fiziki aktivlik və siqaretdən uzaq durmaq ən yaxşı qorunmadır”.
Tərcümə: Nəzrin Abbas