Qastroenteroloq və Cərrahiyyə mütəxəssisi Prof. Dr. İsmail Gömceli bildirib ki, qida borusunun nadir xəstəliyi olan axalaziya erkən diaqnoz və düzgün müalicə ilə nəzarət altına alına bilər.
E-saglam.az xəbər verir ki, bu xəstəlikdə qida borusunun alt ucundakı əzələlər kifayət qədər rahatlaşmır, nəticədə bərk və maye qidaları udmaqda çətinlik, qida qalıqlarının geri gəlməsi, döş qəfəsində ağrı, gecə öskürəyi və kilo itkisi kimi simptomlar yaranır.
Prof. Gömceli qeyd edib ki, axalaziya ən çox 25–60 yaş arası insanlarda rast gəlinir və hər 100 min nəfərdən 1–3-nü təsir edir. Erkən mərhələdə botoks və ya balon dilatasiyası kimi endoskopik üsullar tətbiq edilə bilər. Daha ciddi hallarda isə Heller miotomiyası adlanan cərrahi əməliyyatla qida borusunun alt hissəsindəki əzələlər rahatlaşdırılır və qidanın mədəyə keçməsi asanlaşır.
Həkim xəbərdarlıq edib: “Udmaqda çətinlik, döş qəfəsində ağrı və ya qida qalıqlarının geri gəlməsi kimi simptomlar varsa, gecikmədən qastroenteroloqa müraciət etmək vacibdir. Erkən diaqnoz həyat keyfiyyətini xeyli yaxşılaşdırır”.
Tərcümə: Nəzrin Abbas