ABŞ alimləri tip 2 diabet xəstələri üçün ən uyğun səhər yeməyinin sirlərini açıqlayıblar. Mütəxəssislərin fikrincə, günün ilk yeməyi az karbohidratlı olarsa, bu, qanda qlükoza səviyyəsindəki kəskin sıçrayışların qarşısını ala bilər.
E-saglam.az xəbər verir ki, Amerika Klinik Qidalanma Jurnalında dərc olunan yeni araşdırmanın nəticələrinə əsasən, aşağı karbohidratlı pəhriz tətbiq edən diabet xəstələrində yemək sonrası qlükoza səviyyəsi 74% azalır və qlisemik dəyişkənlik daha stabil olur.
Mütəxəssislər bildiriblər ki, qanda qlükozanın gün ərzində dalğalanması — yəni hiper- və hipoqlikemiya — ürək-damar xəstəlikləri və digər diabetlə bağlı ağırlaşmalar üçün mühüm risk amilidir.
Səhər yeməyi niyə bu qədər vacibdir?
Alimlərin fikrincə, karbohidrat qəbulu xüsusilə səhər saatlarında qlükoza səviyyəsinin sürətlə yüksəlməsinə səbəb olur. Buna görə də diabetli insanlar üçün sadə, lakin effektiv bir həll kimi yalnız səhər yeməyində karbohidrat miqdarının azaldılması təklif olunur.
Bu nəzəriyyəni yoxlamaq üçün tədqiqatçılar 12 həftəlik klinik sınaq aparıblar. Araşdırmada 127 nəfər iştirak edib — iştirakçıların orta yaşı 64 olub və onların yarıdan çoxu qadınlardır.
Nəticələr nə göstərdi?
Sınağın nəticələri göstərib ki, aşağı karbohidratlı səhər yeməyi qlükoza nəzarətini əhəmiyyətli dərəcədə yaxşılaşdırır. Hərçənd ilkin nəticələrdə böyük fərq qeydə alınmasa da, qlükoza monitorinq göstəriciləri bu pəhrizi tətbiq edən qrupda daha sabit olub.
Alimlər hesab edirlər ki, bu yanaşma tip 2 diabetli insanlar üçün sadə, praktik və təsirli bir strategiya ola bilər. Aşağı karbohidratlı səhər yeməyi həm ümumi karbohidrat qəbulunu azaldır, həm də qlükoza səviyyəsinin idarəsini asanlaşdırır.
Tərcümə: Nəzrin Abbas