Dünyada şəkərli diabetin yayılması artmaqda davam edir.
E-saglam.az xəbər verir ki, son statistikalara görə, dünyada artıq yüz milyonlarla insan şəkərli diabetdən əziyyət çəkir və bu xəstəlik qlobal səhiyyə üçün ciddi problem olaraq qalır.
Endokrinoloq Nataliya Tananakina bildirir ki, “diabetes mellitus” qanda qlükoza mübadiləsini tənzimləyən insulinin istehsalında və istifadəsində pozğunluqlarla bağlıdır. Xəstəlik uzun müddət simptomsuz qala bilər, lakin davamlı yüksək qan şəkəri böyrək, göz, sinir, ürək və damar sisteminə zərər verə bilər. Diagnoz yalnız laborator testlər (qlükoza, qlikozalaşmış hemoglobin) ilə qoyulur.
Diabetin növləri:
- Tip 1 diabet (T1DM): Insulinin tam çatışmazlığı, adətən uşaqlar və 30 yaşdan aşağı şəxslərdə, çox vaxt irsi və otoimmün mənşəlidir. Xəstələr daim insulin qəbul etməli və karbohidrat mübadiləsini izləməlidirlər.
- Tip 2 diabet (T2DM): Insulinin nisbi çatışmazlığı və toxumaların həssaslığının azalması ilə inkişaf edir. Əsasən 40 yaşdan yuxarı, artıq çəkili, oturaq həyat tərzi olan şəxslərdə rast gəlinir, lakin gənclərdə də görülə bilər.
Diabetin 7 əsas əlaməti:
Tez-tez sidik ifrazı, susuzluq, çəki itkisi ilə iştah artımı, yorğunluq, dəridə qaşınma və infeksiyalara meyillilik, görmə zəifliyi, bel ətrafının normadan çox olması.
Qarşısını almaq və idarə etmək üçün tövsiyələr:
- Optimal bədən çəkisini qoruyun;
- Aktiv həyat tərzi sürün;
- Sağlam qidalanın, şəkər və doymuş yağları azaldın;
- Risk altındasınızsa qan şəkərinizi izləyin.
Tananakina vurğulayır ki, diabet ciddi xəstəlikdir, lakin sadə profilaktik qaydalarla fəsadların qarşısını almaq mümkündür.
Tərcümə: Nəzrin Abbas