Endokrinoloq Viktoriya Qonçar bildirib ki, hamiləlik dövründə yaranan gestasion şəkərli diabet (GŞD) son illərdə daha çox qadınlarda müşahidə olunur, xüsusən də 35 yaşdan yuxarı hamilələrdə.
E-saglam.az xəstəlik haqqında ətraflı məlumatı təqdim edir:
Xəstəliyin səbəbləri:
GŞD — hamiləlik zamanı hormon dəyişiklikləri nəticəsində qanda şəkərin artması ilə xarakterizə olunan müvəqqəti diabet formasıdır. Bu hal, əvvəllər diabeti olmayan qadınlarda yaranır. Əsas səbəb – hormonların insulinin təsirini zəiflətməsidir.
Risk faktorlarına artıq çəki, az hərəkətli həyat tərzi, qeyri-sağlam qidalanma və irsi meyillilik daxildir.
Uşağa təsiri:
Yüksək qlükoza səviyyəsi böyük çəkiyə malik dölün (makrosomiya) yaranmasına səbəb ola bilər. Bu, doğuş zamanı çətinliklər və travmalar riski yaradır. Həmçinin, körpədə hipoqlikemiya (şəkərin kəskin düşməsi) və tənəffüs problemləri mümkündür.
Belə uşaqlarda gələcəkdə piylənmə və 2-ci tip diabet riski də artır.
Anaya təsiri:
Hamilə qadınlarda GŞD doğuşdan sonra da qalarsa, bu hal 2-ci tip diabetə çevrilə bilər. Həmçinin təzyiq, ödem, böyrək və ürək problemləri riskini artırır.
Müalicə və qidalanma:
Xəstəliyi tam müalicə etmək mümkün olmasa da, pəhriz və nəzarət vacibdir.
Qadınlara sadə şəkərləri və ağ undan hazırlanan məhsulları tam məhdudlaşdırmaq, qaynadılmış tərəvəzlər, dənli bitkilər, toyuq, balıq və az yağlı süd məhsulları ilə qidalanmaq tövsiyə olunur.
Əgər pəhrizlə nəticə əldə olunmazsa, insulin müalicəsi tətbiq olunur. Bu, həm ana, həm də körpə üçün təhlükəsiz hesab edilir.
Qarşısını almaq mümkündürmü?
Hamiləlikdən əvvəl və hamiləlik zamanı normal çəki saxlamaq, balanslı qidalanmaq və müntəzəm hərəkət etmək xəstəliyin qarşısını almağa kömək edir. Qonçarın sözlərinə görə, “risk amilləri olsa belə, sağlam həyat tərzi çox şeyi dəyişə bilər”.
Tərcümə: Nəzrin Abbas