Yandex watch
Mütəxəssisdən "qulunc" xəbərdarlığı -

Fizika Müalicə və Reabilitasiya Mütəxəssisi Dr. Burcu Avşar xalq arasında “qulunc” kimi tanınan miyofasiyal ağrı sindromu haqqında xəbərdarlıq edib.

Emlakbazari.az

E-saglam.az xəbər verir ki, onun sözlərinə görə, bu sindrom əksər hallarda boyun, kürək və bel nahiyəsində əzələlərin içində yaranan sərt və ağrılı “tətik nöqtələri” ilə xarakterizə olunur.

“Əlimi basanda ağrılı, sərt nöqtə hiss edirəm” deyənlər diqqətli olmalıdır

Avşar bildirir ki, bu sindrom zamanı pasiyentlər tez-tez “əlimlə basanda ağrı hiss edirəm”, “əzələlərim gərgindir”, “səhər yaxşı oluram, axşama doğru ağrılarım artır” kimi şikayətlərlə həkimə müraciət edirlər. Bəzən bu ağrı yalnız lokal deyil, əksinə boyun, çiyin və başa da yayıla bilər. Hətta bəzi xəstələrdə çənə ağrısı və ya qulaqda cingilti kimi dolayı əlamətlər də müşahidə oluna bilər.

Uzun müddət eyni vəziyyətdə qalmaq ən əsas səbəbdir

Avşara görə, müasir iş şəraiti – kompüter və telefon qarşısında saatlarla hərəkətsiz qalmaq – duruş pozğunluqlarına və nəticədə “qulunc” adlandırdığımız bu sindroma səbəb olur. Bundan başqa, yuxu pozğunluğu, stress, D vitamini və maqnezium çatışmazlığı, eləcə də əzələləri yoran təkrarlayan hərəkətlər də risk faktorları sırasındadır.

“Atlama əlaməti” diaqnoz üçün açar rol oynayır

Xəstəliyin diaqnozu əsasən klinik əlamətlərə əsaslanır. Əzələyə basıldıqda hiss olunan ağrı və əzələnin yüngül seğirməsi – “atlama əlaməti” – miyofasiyal sindromun xarakterik göstəricilərindəndir.

“Bu, xronikləşə bilər”

Avşar xəbərdarlıq edir ki, əgər bu vəziyyət vaxtında müalicə olunmazsa, xroniki hal ala və insanın həyat keyfiyyətini ciddi şəkildə poza bilər. “Pasiyent niyə keçmir deyə narahat olur, stress artır, halbuki bu, müalicə oluna bilən bir vəziyyətdir” – deyə mütəxəssis qeyd edir.

“Kombinə müalicə tətbiq edirik”

Müalicə bir neçə mərhələdən ibarətdir. Əvvəlcə qısa müddətli dərman müalicəsi ilə əzələ spazmları azaldılır. Ardınca lokal iynə və quru iynə üsulları ilə tətik nöqtələrə müdaxilə olunur. Burada məqsəd həmin sahədə qan dövranını artırmaq və əzələni rahatlaşdırmaqdır. Eyni zamanda fiziki terapiya – ultrasəs, lazer və “şok dalğası” terapiyası (ESWT) kimi metodlar tətbiq olunur.

“Ən vacib hissə: düzgün idman”

Avşarın vurğuladığı kimi, müalicənin ən vacib mərhələsi düzgün fiziki məşqlərdir. Uzatma, gücləndirmə və duruş məşqləri düzgün qaydada, fizioterapevt və ya həkim nəzarətində edilməlidir. Pasiyentlər müalicə bitdikdən sonra bu məşqləri yarımçıq qoymamalıdır, çünki davamlı idman yeni tətik nöqtələrinin yaranmasının qarşısını alır və ağrını 60-70 faiz azaldır.

“Diaqnoz qoyulduğu andan müalicəyə başlayırıq”

Avşar son olaraq qeyd edir ki, xəstə həkimə müraciət etdikdən sonra dərhal diaqnoz qoyulub kombinə müalicəyə başlanılır. Əgər zamanında müdaxilə olunarsa, “qulunc” kimi tanınan bu sindromun qarşısını almaq və həyat keyfiyyətini bərpa etmək mümkündür.

Tərcümə: Könül Oruc

E-saglam.az