
Rəqəmsal dünyada böyüyən uşaqların əllərində telefon, qarşılarında planşet — ekranlar həyatın bir parçasına çevrilib. Parlaq rənglər və canlı təsvirlər onları maqnit kimi cəlb edir. Lakin bu cazibədar ekranların yaydığı mavi işıq düşündüyümüzdən daha zərərlidir — xüsusilə uşaqlar üçün.

E-saglam.az-ın xəbərinə görə araşdırmalar sübut edir ki, axşam saatlarında mavi işığa məruz qalmaq uşaqların yuxuya getməsini çətinləşdirir, səhərlər isə yorğun və enerjisiz oyanmalarına səbəb olur. Nəticədə, gün ərzində diqqət müddətləri qısalır, bu da məktəb performanslarına mənfi təsir göstərir. Marmara Universiteti Pendik Təhsil və Araşdırma Xəstəxanası Uşaq Nevrologiyası Mütəxəssisi Dr. İsmail Hakkı Akbeyaz bu məsələ ilə bağlı ətraflı məlumat verir.
Mavi işıq nədir və niyə təhlükəlidir?
Günəş işığında təbii şəkildə mövcud olan mavi işıq, oyaq qalmaq və diqqəti cəmləmək üçün faydalı ola bilər. Lakin axşam saatlarında ekranlardan yayılan süni mavi işıq orqanizmin bioloji ritmini pozur. Dr. Akbeyaz deyir:
"Xüsusilə yatmazdan əvvəlki 1-2 saat ərzində ekrana baxmaq melatonin ifrazını boğur, bu da uşaqların yuxuya getməsini gecikdirir və yuxu keyfiyyətini azaldır."
Uşaqlar niyə daha çox risk altındadır?
Uşaqların göz büllurları daha şəffafdır və bu səbəbdən mavi işığı daha çox udurlar. Beyinləri hələ inkişaf mərhələsində olduğundan, yuxu pozuntuları onların öyrənmə, emosional tənzimləmə və beyin inkişafına ciddi ziyan vura bilər. Dr. Akbeyaz əlavə edir:
"Mavi işığa axşam saatlarında məruz qalmaq, yuxu rejimini idarə edən melatonin hormonunun qarşısını alır. Bu, uşaqlarda yaddaş, idrak və emosional balansda problemlərə yol aça bilər."
Mavi işığa məruz qalma müddəti niyə vacibdir?
Valideynlər tez-tez deyirlər: "Uşağım ekran qarşısında çox vaxt keçirir, amma yenə də yatır". Lakin burada əsas məsələ — yuxunun keyfiyyəti və dərinliyidir.
Melatonin azalır → Uşaq gec yatır
Yuxu dövrü pozulur → Dərin yuxu olmur
Səhər yorğun oyanır → Gün ərzində diqqət və yaddaş zəifləyir
Yuxusuzluğun nəticələri: sadəcə yorğunluq deyil
Az yatan uşaqlar daha az diqqətli olur, akademik performansları zəifləyir , daha əsəbi, səbirsiz və emosional qeyri-sabit ola bilərlər. Həmçinin onların fiziki inkişafları ləngiyə bilər (çünki yuxu zamanı böyümə hormonu ifraz olunur).
Yeniyetmələrdə isə daha böyük risklər var. Yetkinlik dövrü — emosional və psixoloji dəyişikliklərin pik nöqtəsidir. Bu dövrdə mavi işıq psixoloji pozğunluqlara, impuls nəzarətində çətinliklərə
, qərarvermə bacarığının zəifləməsinə səbəb ola bilər.
Valideynlər nə edə bilər?
-
Gecə rejimindən istifadə edin: Cihazların gecə rejimi və mavi işıq filtrləri kömək edir, amma bu tədbirlər tam qoruma təmin etmir.
-
Mavi işıq filtri eynəkləri: Yüksək enerjili işığı filtr etsə də, bu da tam həll deyil.
-
Ekrandan kənar fəaliyyətləri təşviq edin: Uşaqlarla birgə kitab oxumaq, masaüstü oyunlar, rəsm və əl işləri ekran alternativləri ola bilər.
-
Yuxu mühitini yaxşılaşdırın
-
Ekran məhdudiyyətləri tətbiq edin: Xüsusilə yatmazdan əvvəlki 1-2 saat ərzində cihazlardan uzaq durmaq şərtdir.
Uşaqların yuxusu, fiziki və zehni inkişafları üçün həyati əhəmiyyətə malikdir. Mavi işıq bu vacib prosesi səssizcə poza bilər. Texnologiyadan tamamilə uzaqlaşmaq mümkün olmasa da, doğru istiqamətləndirmə və sağlam vərdişlər uşaqların rifahı üçün vacib addımdır.
Zəhra Niftiyeva