Qulaq Burun Boğaz Mütəxəssisi Prof. Dr. Mustafa Kazkayası uzun müddət soyuq və küləyə məruz qalmanın üz iflici riskini artıra biləcəyini bildirib.
E-saglam.az xəbər verir ki, onun sözlərinə görə, xüsusilə hamam və ya duşdan sonra saçları tam qurutmadan çölə çıxmaq üz sinirinin həssaslaşmasına səbəb ola bilər. Saç qurudulsa belə, bəzi insanlarda bədənin açıq hava istiliyinə uyğunlaşması üçün evdə bir müddət gözləmək daha faydalıdır.
Üz iflici mimika əzələlərini idarə edən 7-ci kəllə sinirinin zədələnməsi nəticəsində yaranır və üzün bir tərəfində hərəkət itkisi ilə müşayiət olunur. Əksər hallarda səbəb dəqiq müəyyən edilmir və “idiopatik” hesab olunur. Lakin ən çox qəbul edilən səbəblərdən biri viruslardır. Herpes simplex, varicella zoster və Epstein-Barr kimi viruslar üz sinirində iltihaba səbəb ola bilər. Bu viruslar stress, soyuq hava və mövsüm dəyişiklikləri zamanı yenidən aktivləşə bilər.
Prof. Dr. Kazkayası qeyd edir ki, soyuq mühit damarların daralmasına və sinirin qidalanmasının zəifləməsinə səbəb olur. Keçmişdə üz iflicinin “sürücü xəstəliyi” adlandırılması da təsadüfi deyil. Kondisioner olmayan dövrlərdə açıq pəncərədən gələn küləyə uzun müddət məruz qalan sürücülərdə bu hal daha çox müşahidə olunurdu.
Üz iflicinin əsas əlamətləri üzün bir tərəfində hərəkət itkisi, ağız küncünün sallanması, gözü bağlamaqda çətinlik və üzdə asimmetriyadır. Qulaq arxasından başlayan orta və ya şiddətli ağrı, qulaqda dolğunluq hissi, səsə qarşı həssaslıq və dad hissinin azalması da müşayiətedici əlamətlər ola bilər.
Diaqnoz zamanı xəstənin şikayətləri və fiziki müayinədən əlavə olaraq, eşitmə testləri, kompüter tomoqrafiyası və maqnit-rezonans tomoqrafiyası kimi müayinələrdən istifadə edilə bilər. Bu müayinələr şiş və ya digər ciddi səbəbləri istisna etmək üçün aparılır.
Mütəxəssisin sözlərinə görə, üz iflici olan xəstələrin təxminən 80–85 faizi ilk üç ay ərzində demək olar ki, tam sağalır. Lakin xəstələrin 15–20 faizində yüngül və ya ciddi fəsadlar qala bilər. Tam iflic, şiddətli qulaq arxası ağrıları, yaşın irəliləməsi və üç həftə ərzində yaxşılaşmanın olmaması proqnozu mənfi təsir edən amillər sırasındadır.
Prof. Dr. Kazkayası tövsiyə edir ki, soyuq və küləkli havada yaş saçla çölə çıxılmasın, üz birbaşa küləyə məruz qalmasın və üz iflicinin əlamətləri hiss edilən kimi vaxt itirmədən həkimə müraciət edilsin. Erkən müdaxilə qalıcı fəsadların qarşısını almaqda mühüm rol oynayır.
Tərcümə: Könül Oruc