"İnsulin dirəncinin müalicəsi həkim nəzarəti altında müvafiq preparatlarla müntəzəm olaraq aparılmalıdır. Bundan əlavə insulin rezistentliyinin 60%-ə qədəri yalnız idman və sağlam qidalanma ilə azaldıla və nəzarət altında saxlanıla bilər".
Bu sözləri E-saglam.az-a açıqlamasında həkim Aidə Mirzəyeva deyib.
O, bildirib ki, idman edərkən bəzi məqamlara da diqqət yetirilməlidir. Adekvat ürək döyüntüsünün artmasına nail olunmalı, hərəkətlər arasında çox fasilə verməməli, insana individual idman növü seçilməlidir:
"Daimi idmanla məşğul olaraq qan şəkərini azaltmaq, yağ yandırmağı sürətləndirmək və arıqlamaq kimi diabetə qarşı müsbət irəliləyişlər əldə edilə bilər.
Pilates, yoqa, sürətli gəzinti, qaçış, üzgüçülük və rəqs kimi məşqlər insulin müqaviməti olan insanlar üçün tövsiyə olunan fiziki fəaliyyət nümunələridir.
Sağlam həyat tərzi insulin müqavimətinin müalicəsinin əsasını təşkil edir. Yeməklərlə birlikdə istehlak edilən qidaların tənzimlənməsi, alınan kalori miqdarının nəzarətdə saxlanılması və yüksək qlisemik indeksli qidalardan uzaq durmaq insulin müqaviməti müalicəsinin əsasını təşkil edir, insulin müqaviməti olan xəstələr asagi glisemik indeksli, qan şəkərini artırmayan, lif və digər qida maddələri ilə zəngin qidalara üstünlük verməlidirlər.
Bədənin qan şəkərinin səviyyəsini tənzimləməkdə təsirli olan digər bir faktor da insanın stress səviyyəsidir. Stressden uzaq olmağa çalışmaq lazımdır.
Kartof, yerkökü və qarğıdalı istisna olmaqla, bütün tərəvəzlərlə yanaşı: Lobya, noxud, quru lobya, mərcimək, kəpək, qəhvəyi çörək, alma, portağal kimi meyvələr pəhriz menyusuna daxil edilməlidir.
Meyvələr tərkibindəki lif, vitamin və minerallarla həm insulin müqavimətinə, həm də bədənin digər normal funksiyalarına töhfə verən qida maddələridir.
Tərəvəzlər həm aşağı kalorili, həm də liflə zəngin bitki mənşəli qidalarıdır. Onlar insulin müqaviməti olan xəstələrdə qan şəkərinin səviyyəsinin idarə olunmasına müsbət təsir göstərirlər".