“Təəssüf ki, bəzi kütləvi informasiya vasitələrinin əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar və əlilliyi olan insanlar barəsində elə yanlış və ehtiyatsız ifadələr işlədir ki, onlara dəstək vermək əvəzinə əksinə, xeyli dərəcədə inciklik və narazılıq yaradırlar. Onlar həmin kateqoriyaya məxsus olanlar barədə bəhs edərkən bir sıra hallarda “qüsurlu”, “şikəst”, Kor, şil, kar, eşitmə qüsuru, kar uşaq, kimi ifadələr işlədirlər…”.
Bu fikirlər dekabrın 9-da “Excelsior” otelində gənc və tələbə jurnalistlər üçün keçirilən “Əlilliyin düzgün dərk edilməsi” mövzusunda keçirilən ikinci təlimdə səsləndirilib.
Təlim Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin dəstəyi ilə “İnformasiya Təşəbbüslərinə Dəstək” ictimai birliyi tərəfindən həyata keçirilən “Əlilliyi olan şəxslərə diqqət və qayğının artırılması məqsədi ilə maarifləndirici nəşrlərin hazırlanması” layihəsi çərçivəsində keçirilir.
Layihə rəhbəri Cəsarət Hüseynzadə açılış nitqində məlumat verib ki, layihənin məqsədi cəmiyyətin diqqətini əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsinə, sosial problemlərinin həllinə cəlb edilməsinə, onların fiziki, əqli və intellektual potensiallarının üzə çıxarılmasına nail olmaq məqsədilə məlumat və maarifləndirici xarakterli nəşrlərin hazırlanaraq əhali arasında geniş yayılması işinin təşkil edilməsidir. Layihə çərçivəsində əlilliyi olan şəxslərin hüquqlarının təşviq edilməsi və bununla bağlı informasiya mühitinin yaradılması məqsədilə 3 mövzuda buklet hazırlanıb və 4 maarifləndirici video rolikin hazırlanması nəzərdə tutulub.
Eyni zamanda əlilliyi olan istedadlı şəxslərin potensiallarının üzə çıxarılması və təbliğ olunması üçün 3 məqalə -reportaj və 2 video rolik hazırlanmışdır.
Layihə dövründə jurnalistlər və jurnalistika fakültəsinin tələbələri üçün əlilliyin düzgün dərk edilməsi mövzusunda 3 təlimin keçiriləcək. Cəsarət Hüseynzadə bildirib ki, media nümayəndələri üçün keçirən təlim isə adından göründüyü kimi əlilliyin düzgün dərk edilməsi ilə medianın əlilliyi olan şəxslərin sosial adaptasiyasında rolunun gücləndirilməsinə xidmət edir.
Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinin mütəxəssisi Sevinc Cəfərova bildirib ki, həssas sosial qruplar ilə bağlı həyata keçirilən proseslərdə cəmiyyətin bütün sektorunun birgə fəaliyyəti vacibdir.
Təlimdə əlillik və mediada etik standartlar mövzularında çıxış edən ekspertlər- Müstəqil Həyat Tərzi Əlillərə Dəstək” İctimai Biliyinin sədri, Dünya Əngəllər Birliyinin İdarə Heyətinin üzvü, Əlillik məsələləri üzrə ekspert Aydın Xəlilov və BDU-nin dosenti Vəfa İsgəndərova jurnalistləri məlumatlandırıblar.
Təlimçi Aydın Xəlilov daha çox cəmiyyətdə əlilliyin dərki ilə bağlı problemin mövcud olduğunu bildirib. O qeyd edib ki, əlilliyi olan insanları çox halda normal olmayan şəxs kimi, yararlı olmayan şəxs kimi təqdim edirlər. Bu təəssüf doğuran yanlışların aradan qaldırılması üçün jurnalistlər daha həssas davranmalı, sosial mövzuları işıqlandırarkən məlumatlı olmalıdırlar.
BDU-nun dosenti Vəfa İsgəndərova isə Mediada etik standartlar (ənənəvi və sosial mediada əlilliyi olan insanlara münasibət fonunda) mövzusunda təqdimatla çıxış edib.
V.İsgəndərova mövzu ilə bağlı yerli və xarici mətbuat üzərindən apardığı monitorinqləri nəticələrini təlim iştirakçıları ilə bölüşüb. Təlim maraqlı müzakirələrlə davam edib. Tədbirin sonunda jurnalistlərə sertifikatlar təqdim edilib.
Könül Oruc