Yandex watch
Ətirli şamlar dizel mühərrikləri qədər hava çirkliliyi yarada bilər -

Mütəxəssislər ətirli şamların və əridilmiş ətirli mumların qapalı məkanlarda havanın çirklənməsini əhəmiyyətli dərəcədə artıra biləcəyini müəyyən ediblər. Aparılan araşdırmalara əsasən, bu məhsullar dizel mühərrikləri və qaz sobaları ilə müqayisə oluna biləcək səviyyədə hava çirkliliyi yarada bilər.

Emlakbazari.az

E-saglam.az-ın məlumatına görə  ABŞ və Almaniyadan olan alimlərin birgə apardığı tədqiqat nəticəsində məlum olub ki, ətirli şamlar və oxşar məhsullar tərəfindən buraxılan uçucu üzvi birləşmələr (VOC) ozonla qarşılıqlı əlaqəyə girərək nanoskopik hissəciklər meydana gətirir. Bu hissəciklər ağciyərlərə qədər nüfuz edə biləcək qədər kiçik olduqları üçün sağlamlıq üçün ciddi risk yarada bilər. Əvvəlki tədqiqatlar bu cür incə hissəciklərin ürək və tənəffüs sistemi xəstəlikləri ilə əlaqəli ola biləcəyini göstərmişdi.

Purdue Universitetinin inşaat mühəndisi Brandon Boor bildirib ki, qapalı məkanlarda hava çirklənməsinin səbəblərini tam başa düşmək üçün ən kiçik nanohissəciklərin belə ölçülməsi vacibdir. Onun sözlərinə görə, ətir məhsulları ozonla reaksiya verərək havanın kimyəvi tərkibini dəyişir və sürətlə yayılan molekulyar klasterlər yaradır.

Havanın çirklənməsi hətta yanma olmadan da artır

Tədqiqatçılar bu nanohissəcikləri təyin etmək üçün yüksək dəqiqlikli ölçü cihazlarından istifadə ediblər. Kiçik bir ev mühitində aparılan təcrübələr zamanı məlum olub ki, ətirli şamlar və əridilmiş mumlar yanmadan da havaya yüksək səviyyədə uçucu birləşmələr buraxır. Bu, həmin məhsulların geniş səth sahəsinə malik olması və qızdırıldıqda daha çox qoxu yayması ilə əlaqədardır.

Araşdırmalarda ətirli məhsulların istifadəsindən cəmi 20 dəqiqə sonra milyardlarla nanohissəciyin tənəffüs sisteminə daxil ola biləcəyi və bunun sağlamlığa təsirlərinin tam öyrənilmədiyi vurğulanır.

Purdue Universitetindən tədqiqatçı Nusrat Jung qeyd edir ki, ətirli məhsullar təkcə xoş qoxular yaymır, eyni zamanda yüksək konsentrasiyalı nanohissəciklər yaradaraq daxili mühitin kimyəvi tərkibini dəyişdirir. Bu isə sağlamlıq baxımından ciddi nəticələrə səbəb ola bilər.

Daxili havanın çirklənməsi diqqətdən kənarda qalmamalıdır

Alimlərin fikrincə, qapalı məkanlarda hava çirklənməsi ilə bağlı araşdırmalar açıq hava ilə müqayisədə daha az olsa da, təsirləri azı eyni səviyyədə təhlükəli ola bilər. Əvvəlki tədqiqatlar göstərir ki, yağ əsaslı diffuzorlar, hava təravətləndiriciləri və təmizlik məhsulları da qapalı mühitdə yüksək səviyyədə nanohissəciklər buraxır.

Tədqiqatçılar qeyd edirlər ki, bina dizaynları və havalandırma sistemləri bu cür daxili çirkləndiricilərə qarşı daha həssas olmalıdır. Nusrat Jung əlavə edir: "Təbii meşə havası yaratmağa çalışarkən, əslində nəfəs almamalı olduğumuz yüksək səviyyəli kimyəvi hissəciklər yaradırıq."

Bu araşdırma Environmental Science & Technology Letters jurnalında dərc olunub.

Zəhra Niftiyeva 

E-saglam.az