Qan şəkərinin yüksək olması həmişə tort və konfetlərə olan sevginin nəticəsi deyil.
E-saglam.az xəbər verir ki, Semeynaya Klinika şəbəkəsinin endokrinoloqu Eşkin Muradov xəbərdarlıq edib ki, hətta şirniyyatdan tam imtina etdikdə belə bəzi amillər hiperqlikemiyaya səbəb ola bilər.
Muradovun sözlərinə görə, qlükoza səviyyəsi bədəndə baş verən müxtəlif proseslərdən təsirlənir. Əsas səbəblərdən biri xroniki stressdir. Güclü emosional təcrübələr qaraciyəri qana yığılmış qlükozanı buraxmağa məcbur edən kortizol və adrenalin hormonlarının ifrazı ilə müşayiət olunur və nəticədə qan şəkəri hətta acqarına yüksək qala bilər.
Həyat tərzi də önəmlidir. Oturaq həyat tərzi zamanı əzələlər qlükozadan səmərəli istifadə edə bilmir və insulin yükü artaraq şəkərin tənzimlənməsini çətinləşdirir. Pəhriz də qan şəkərinin artmasına təsir göstərə bilər: ağ çörək, xırtıldayan çörəklər, bişmiş məhsullar və emal olunmuş qidələr sürətli təsir göstərən karbohidratlar olduğu üçün qlükoza səviyyəsini kəskin qaldıra bilər.
Bununla yanaşı, daxili orqanların vəziyyəti də vacibdir. Qaraciyər karbohidrat mübadiləsinin əsas tənzimləyicisidir və yağlı qaraciyər, sirroz kimi xəstəliklərdə bu mexanizm pozulur. Qalxanvari və böyrəküstü vəzilərin disfunksiyası, eləcə də digər endokrin xəstəliklər insulinə həssaslığı azaldır.
Muradov əlavə edib ki, bəzi dərmanlar, məsələn, qlükokortikosteroidlər və ruhi xəstəliklərin müalicəsində istifadə olunan preparatlar da qan şəkərini artıraraq insulin müqavimətinə səbəb ola bilər. Hətta bağırsaq mikroflorasının vəziyyəti belə metabolik proseslərə təsir edərək qlükoza səviyyəsinin yüksəlməsinə yol aça bilər.
Tərcümə: Könül Oruc