
ABŞ prezidenti Donald Tramp ikinci müddətinin əvvəlində Valter Rid Milli Hərbi Tibb Mərkəzində tibbi müayinədən keçib. Dörd saat davam edən yoxlamaya idrak (koqnitiv) testi də daxil edilib. Tramp, “Bütün cavabları düzgün verdim. Başqa nə deyə bilərəm ki?” sözləri ilə nəticələri jurnalistlərlə bölüşüb.

E-saglam.az xəbər verir ki, prezidentin səhhəti ilə bağlı son ətraflı tibbi hesabat 2018-ci ildə paylaşılmışdı. Həmin dövrdən bəri yeni məlumatların olmaması mütəxəssisləri narahat edirdi. "The New York Times" yazır ki, Trampın yaşı nəzərə alındıqda, ürək xəstəlikləri və idrak funksiyalarında zəifləmə riski artır.
"Koqnitiv testdən keçdim"
Tramp bildirib ki, müayinələr çərçivəsində koqnitiv test də aparılıb və nəticələr yaxın günlərdə açıqlanacaq. “Koqnitiv testdən keçdim və bütün cavabları düzgün verdim. Eyni zamanda ürək də daxil olmaqla bir çox fərqli müayinədən keçdim,” – deyə o əlavə edib.
ABC News-un məlumatına əsasən, Ağ Evin mətbuat katibi Caroline Leavitt tibbi testlərin nəticələrinin qısa zamanda ictimaiyyətə təqdim olunacağını açıqlayıb.
Prezidentlər səhhət problemlərini gizlədir
Qeyd edək ki, ABŞ prezidentləri tibbi sənədlərini paylaşmağa məcbur deyillər və tarix boyu bir çox prezident sağlamlıqla bağlı problemləri ictimaiyyətdən gizlədib. Hazırda 78 yaşlı Donald Tramp ikinci müddətə seçilən ən yaşlı prezident hesab olunur.
Onun sələfi Co Bayden prezidentliyə eyni yaşda başlamış və müddət ərzində fiziki və zehni performansında nəzərəçarpacaq yavaşlama müşahidə olunmuşdu. Bayden 2024-cü ildə Trampla debatda zəif çıxış etdikdən sonra prezidentlik yarışından geri çəkilmişdi.
Trampın 2018-ci ildə keçirdiyi ilk tibbi yoxlamada da koqnitiv test yer almışdı və o, bu testdəki uğurunu tez-tez vurğulamışdı.
Tərcümə: Könül Oruc