C vitamini çatışmazlığı diş əti qanamasına səbəb ola bilər.
E-saglam.az xəbər verir ki, İstinye Diş Xəstəxanasının periodontologiya mütəxəssisi Dr. Instr. Üzv Kadriye Merve Altıkat bildirir ki, diş əti qanaması tez-tez diş əti iltihabının (gingivit) erkən əlamətidir. Sağlam diş ətləri açıq çəhrayı rəngdə olur, möhkəmdir və qanamaz. Qanama varsa, bu, artıq iltihabın əlaməti ola bilər.
Ən çox yayılmış səbəb: zəif ağız gigiyenası
Diş əti qanamasının ən əsas səbəbi düzgün təmizlənməyən dişlərdə mikrob lövhəsinin toplanmasıdır. Bu lövhə zamanla diş ətlərini qıcıqlandırır və iltihaba səbəb olur. Sərt fırçalama, yanlış texnika, diş ipindən düzgün istifadə etməmək, siqaret, stress və hormonal dəyişikliklər də bu problemlərə səbəb ola bilər.
Qanama digər xəstəliklərin əlaməti də ola bilər
Bəzi sistem xəstəlikləri – şəkər xəstəliyi, qan xəstəlikləri, hormonal pozuntular və ya immun sistemi zəiflədən xəstəliklər də diş əti qanamasına yol aça bilər. Xüsusilə C və K vitaminləri çatışmadıqda diş ətləri zəifləyir və daha asan qanayır.
Əlamətlərə diqqət edin
Diş əti qanaması çox vaxt tək başına deyil, başqa əlamətlərlə müşahidə olunur. Bunlara diş ətində qızartı, şişlik, pis qoxu, dişlər arasında boşluq, hətta dişlərin boşalması və yer dəyişməsi daxildir.
Dəqiq diaqnoz üçün müayinəyə ehtiyac var
Diaqnoz üçün diş həkimi tərəfindən ətraflı ağız müayinəsi aparılmalıdır. Diş əti cibləri ölçülür, qanaxma meyli və sümük itkisi qiymətləndirilir. Lazım gələrsə, qan analizləri və radioloji görüntüləmələr də aparılır.
Diş əti sağlamlığını necə qorumalı?
Gündə ən az 2 dəfə yumşaq fırça ilə düzgün texnika ilə dişləri fırçalayın
Hər gün diş ipi və ya diş arası fırçadan istifadə edin
Həkim tövsiyəsi ilə ağız yaxalayıcıları istifadə edin
C və E vitamini ilə zəngin qidalar qəbul edin
Siqareti tərgidin
İldə ən az iki dəfə diş həkiminə gedin
Müalicə erkən mərhələdə daha asandır
Diş əti iltihabı erkən mərhələdə aşkar olunarsa, diş daşlarının təmizlənməsi və düzgün ağız gigiyenası ilə problem aradan qaldırıla bilər. Davamlı qanamalar üçün isə sistem xəstəlikləri də yoxlanmalıdır.
Tərcümə: Könül Oruc
E-saglam.az