Uzun iş günündən sonra boyun gərginliyini azaltmaq üçün başını çevirməyə çalışan gənc qadın gözləmədiyi şəkildə ciddi fəsadla üzləşib.
E-saglam.az xəbər verir ki, ABŞ-də yaşayan Kaylin Felthager başını sağa çevirdiyi anda “çat” səsi eşidib və bu hərəkət beş gün sonra nevroloji simptomlarla nəticələnib.
Mütəxəssislərin sözlərinə görə, qəfil və nəzarətsiz boyun hərəkəti boyun arteriyasının daxili qatında yırtılma (arteriya diseksiyası) yarada bilər. Bu zədələnmə arteriyada laxtalanma prosesini sürətləndirir və qan laxtası beyinə doğru hərəkət edərək insult riskini artırır.
Hadisədən sonra Felthager boynunda kəskin ağrı hiss etsə də, həkimə müraciət etməyib. Bir neçə gün sonra sağ gözündə qəfil görmə itkisi, danışıq çətinliyi və bədəninin sağ tərəfində uyuşma baş verib. Həkimlər bildiriblər ki, bu əlamətlər arteriya zədələnməsinin gecikmiş təsirlərinə uyğundur.
Qadın cərrahi əməliyyat olmadan sağalıb, çünki laxta qısa müddətdə öz-özünə həll olub. Lakin həkimlər xəbərdarlıq edirlər ki, şiddətli boyun ağrısı, qəfil uyuşma və ya danışıq pozulması kimi simptomlar yaranarsa, dərhal tibbi yardım almaq vacibdir.
Tərcümə: Könül Oruc