Rasiondan cəmi bir amin turşusunun, sisteinin çıxarılması sürətli və əhəmiyyətli çəki itkisilə nəticələnə bilər.
E-saglam.az xəbər verir ki, bu barədə tədqiqatın nəticələri "Nature" jurnalında dərc olunub. Nyu-York Universitetinin Tibb Fakültəsinin tədqiqatçıları tərəfindən aparılan eksperiment zamanı belə bir pəhrizdə olan siçanlar çəkilərinin 30%-ə qədərini itiriblər.
Sistein – orqanizmdə antioksidant qlutatyon və enerji mübadiləsində əsas rol oynayan koenzim A kimi vacib molekulların sintezində iştirak edən, kükürd tərkibli bir amin turşusudur. Bu maddə əsasən heyvani mənşəli məhsullarda, qoz-fındıqda və bəzi taxıl növlərində olur.
Rasiondan sisteinin çıxarılması genetik modifikasiya olunmuş siçanlarda eyni anda iki qoruyucu reaksiyanı — hüceyrəvi stress reaksiyasını (ISR) və oksidləşdirici stress reaksiyasını (OSR) — aktivləşdirib. Bu, maddələr mübadiləsinin sürətlə yenidən qurulmasına səbəb olub: yağ yandırılması güclənib, qida maddələrinin adi şəkildə emalı pozulub.
Alimlər həmçinin koenzim A səviyyəsinin kəskin şəkildə azaldığını müşahidə ediblər, bu da hüceyrələrin enerji istehsal edən strukturları olan mitoxondrilərin fəaliyyətini zəiflədib. Nəticədə orqanizm enerjini daha az effektiv yollarla, o cümlədən anaerob qlikoliz vasitəsilə əldə etməyə məcbur olub. Bu zaman əsasən yağ ehtiyatları azalıb, əzələ kütləsi isə qorunub saxlanılıb.
Eyni zamanda müəyyən olunub ki, bu təsir tamamilə geri çevriləndir: siçanlar adi rasiona qayıtdıqdan sonra əvvəlki çəkilərini tez bir zamanda bərpa ediblər. Tədqiqat müəlliflərinin fikrincə, bu kəşf piylənmə və maddələr mübadiləsi pozuntularının müalicəsində qısamüddətli metabolik müdaxilələrin inkişafı üçün əsas ola bilər.
Ölkə.az